Bakını tərk etmək istəyən COVID-19 xəstəsini postda tutdular


 Bakını tərk etmək istəyən COVID-19 xəstəsini postda tutdular


Yaşayış yerini tərk edərək digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan virusa yoluxmuş şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda saxlanılıb.

Polis əməkdaşları onu Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil veriblər.

Balakən Rayon Polis Şöbəsinə də COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Müəyyən edilib ki, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin edilib.

Ancaq o, qaydaları pozaraq yaşayış yerini tərk edib.

Görülmüş tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib. Polis əməkdaşları və həkimlərin müşayiəti ilə o, Təcili Tibbi Yardım avtomobili ilə koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk etdiyinə görə, onunla profilaktik söhbətlər aparılıb.

Bu hərəkətinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılaraq ciddi xəbərdarlıq edilmişdi. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu