Sahil Babayevdən ağlasığmaz qərar: DSMF-in Sumqayıt Şəhər Şöbəsinin Qubadlıdan olan 30-dək əməkdaşı işdən çıxarıldı


Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinin Qubadlı rayonundan olan 30 nəfərədək əməkdaşı işdən çıxarılıb.



Bu barədə Avropa.info-ya həmin şöbənin Qubadlı rayonundan olan əməkdaşları məlumat veriblər.

Əməkdaşlar qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ili bu ilin avqust ayında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı Rayon Şöbəsi ləğv edilib. Bu şöbənin əməkdaşları ilə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şöbəsi arasında üç aylı əmək müqaviləsi bağlanılıb.

"Noyabrın 14-də həmin əmək müqaviləsinin müddəti başa çatıb. Bu gün 30 nəfərədək əməkdaşın işdən çıxarılması ilə bağlı əmrlər bizə təqdim olundu",- deyə Qubadlı rayonundan olan əməkdaşlar bildiriblər.

Qubadlı sakinləri qeyd edir ki, pandemiya dövründə işçiləri azad edtməməklə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi var: "Görünən budur ki, Sahil Babayev Prezidentin tövsiyəsini nəzər almayıb. Bundan əlavə, Qubadlı rayonu Azərbaycan Ordusu tərəfindən erməni işğalından yeni azad olunub. Bu rayondan olan əhali hələ ki doğma torpaqlarına qayıtmayıb deyə, məcburi köçkün statusları da ləğv edilməyib. Məcburi köçkünlərin işdən ixtisara salınaraq azad olunması Əmək Məcəlləsi ilə qadağan edilir".

Məlumatı verənlər qeyd edib ki, işdən çıxarılan əməkdaşlar arasında Qarabağ müharibəsinin veteranları da var: "Sahil Babayev heç olmazsa, Şanlı Ordumuzun Qarabağda qazandığı zəfərlərinə görə Qarabağ müharibəsinin veteranlarına bu cür ədalətsizlik göstərməməli idi. Əmək Məcəlləsi müharibə veteranının da ixtisara salınmasını qadağan edir".

Başqa bir problem də ondadır ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şöbəsində işləyən bu əməkdaşlar Qubadlı rayonundan olan təqaüdçülərin pensiya təminatının tənzimləməsi işini həyata keçirirdi: "Nazir əmr imzalayanda bu faktı belə nəzərə almayıb".

İşdən çıxarılan əməkdaşlar yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edəcəklərini bildiriblər.

Avropa.info bu problemi dərc etməklə yanaşı, yaranmış problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini də gözləyir. Görək, bu nazirlik problemi necə həll edəcək?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu