"Hadrutda baş verənlər yenidən təkrarlana bilər" - hərbi ekspert


"Düşünürəm ki, bu barədə dövlətimiz lazımı addımları atıb. Bu hadisələr bunlar təkrar olunsa, Azərbaycan tərəfi erməni silahlılarını zərərsizləşdirmək hüququnu tamamiylə özündə saxlayır".



Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Hadrut qəsəbəsində meşəlik ərazidə erməni silahlı birləşmələrinin törətdiyi terror aktını şərh edərkən deyib. Ekspert Hadrutda baş verənlərin yenidən təkrarlana biləcəyini ehtimal edir: "Görünür, sülhməramlılar, başda onların rəhbəri general Rüstəm Muradov olmaqla Rusiya Prezidenti Vladimir Putinin "Qarabağ və ətraf rayonlar Azərbaycandır" bəyanatını qulaqardına vurmağa çalışırlar. Lakin onlar unutmamalıdırlar ki, bu sıradan bir bəyanat deyil və Rusiyanın ən yüksək səviyyəsində səsləndirilib. Onun yerinə yetirilməsi vacibdir. Və yerinə yetiriləcək, başqa yolu da yoxdur. Biz dəfələrlə müşahidə etmişik ki, Rusiya sülhməramlıları öz funksiyasını yerinə yetirməsinə bəzən səhlankar münasibət bəsləyirlər. Tanınmayan qurumun rəhbəri ilə şəkil çəkdirilməsi, o ərazilərdə silahlıların təmizlənməməsi, digər tərəfdən Azərbaycana təhvil verilməli olan ərazilərdə hələ də silahlıların qalması, bu silahlıların vaxtında ərazidən çıxarılmaması və ya məhv edilməməsi sülhməramlıların fəaliyyətində müəyyən boşluqların olduğunu ehtimal etməyə əsas verir".

Ədalət Verdiyev hesab edir ki, sülhməramlıların bölgəyə daxil olması ilə erməni silahlı birləşmələrinin həmin ərazilərdən çıxarılması pararlel şəkildə həyata keçirilməli idi:

"Amma Rusiya sülhməramlıları işə o vaxt müdaxilə edir ki, Azərbaycan əsgərinə qarşı erməni tərəfindən atəş açılır, əsgər və mülki vətəndaşımız şəhid edilir. Bundan sonra Rusiya sülhməramlıları əraziyə gəlir, orda hansısa tədbir keçirməyə çalışır. Bundan əlavə də səlahiyyət zonlarını artırmaq üçün özlərindən yeni bir xəritələr icrad edirlər. Bütün bunlar yolverilməzdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu