Prezident Ağdam, Laçın və Kəlbəcərin hansı formada geri qaytarılmasından danışıb


"Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyası idi. Ermənistan təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü. Ondan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atmadan bizə qaytarıldı. Bu gün Azərbaycan əsgəri bu rayonlarda xidmət göstərir. Bu da böyük nailiyyətdir. Biz mütləq o bölgələri də, o rayonları da döyüşərək alacaqdıq. Amma çox itkilər verə bilərdik, xüsusilə Ağdam istiqamətində, hər tərəf minalanmışdı və bir neçə müdafiə xətti var idi. Eyni zamanda, xüsusilə hava şəraitini nəzərə alsaq, Kəlbəcər, Laçın rayonlarının döyüşlə azad edilməsi də böyük itkilərə gətirib çıxaracaqdı. Artıq qış başlamışdı, yolları buz bağlamışdı. Kəlbəcərə Göygöl rayonundan keçmək üçün saatlarla vaxt lazımdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən deyib.

"Ona görə noyabrın 10-da imzalanmış Bəyanatın çox böyük əhəmiyyəti var. Təbii ki, əgər biz o günə qədər böyük ərazini işğalçılardan azad etməsəydik, düşmənin belini qırmasaydıq, düşmən ordusunun məhv edilməsində istədiyimizə nail olmasaydıq, əlbəttə, düşmən onun üçün bu alçaldıcı sənədə qol qoymazdı. Biz onu məcbur etdik, torpaqlarımızdan qovduq və mən verdiyim sözə həmişə olduğu kimi sadiq qaldım. Müharibənin ilk günlərindən demişdim, Ermənistan rəhbərliyi açıq-aşkar bəyan etməlidir ki, nə vaxt, hansı tarixdə bizim torpaqlarımızdan çıxır. Tarix verməlidir bizə. Əgər bu olarsa, biz müharibəni dayandırarıq. Amma bizə tarix verilmədi. Çalışırdılar ki, müxtəlif yollarla xarici ölkələri bu işlərə qoşaraq öz çirkin əməllərini davam etdirsinlər, işğalı davam etdirsinlər. Əgər Ermənistan rəhbərliyi o vaxt mənim sözümə baxıb düzgün addım atsaydı, belə alçaldıcı vəziyyətə düşməzdi. Mən demişdim ki, axıra qədər gedəcəyik və axıra qədər də getdik, lazım olan anda dayandıq, üç rayonu bir güllə atmadan, bir itki vermədən qaytardıq, ərazi bütövlüyümüzü bərpa etdik", - dövlət başçısı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu