AFN.AZ / Həbs olunan müstəntiqlə bağlı daha bir ilginc FAKT

Həbs olunan müstəntiqlə bağlı daha bir ilginc FAKT



Xəbər verdiyimiz kimi, Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi Müşfiq Abbasov həbs olunub.

Belə ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M.Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bu gün yayılan məlumatı dərc etdikdən sonra AFN-lə əlaqə saxlayaraq özünü iş adamlarından birinin yaxın qohumu kimi təqdim edən oxucumuz M.Abbasovla bağlı ilginc fakt haqda məlumat verdi. Özünün və haqqında danışdığı qohumunun adının hələlik çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, həbs olunan müstəntiqin xeyli sayda qanundankənar addımları var: “MTN-in “at oynatdığı” vaxtlarda qohumumu heç bir səbəbsiz yerə tutub aparıb salmışdılar içəri. Sonra ora ilə yaxınlığı olduğunu deyən bir nəfər yaxınlaşdı bizə və bildirdi ki, 180 min manatın müqabilində qohumumun azadlığa çıxmasına nail olacaq. Biz ona inandıq və həmin məbləği verdik. Lakin həmin adam pulu alandan sonra yoxa çıxdı. Bu dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik. Araşdırmalar başlandı və həmin adam haqqında axtarış verildi. Ötən il məlum oldu ki, xaricə qaçıbmış, ölkəyə gələndə həbs edilib. İş indi həbs olunan müstənsiq Müşfiq Abbasovda idi. Həmin adam törətdiyi əməli etiraf etdi, bildirdi ki, onunla bərabər işin içində keçmiş ədliyyə işçisi və daha iki nəfər hüquq-mühafizə orqanı əməkdaşı olub. Bunlara baxmayaraq, M.Abbasov onu sərbəst buraxdı. Keçmiş ədliyyə işçisi də sadəcə ev dustaqlığı ilə cəzalandırıldı. Digər iki nəfərin aqibəti haqda heç bir məlumatımız olmadı. Sonradan bildik ki, M.Abbasov həmin adamla bağlı işi nəyinsə müqabilində yüngül cəza ilə həll edib. Bizə dəyən ziyan haqda heç bir addım atılmadı”.
Mənbəmiz onu da bildirdi ki, yuxarıda qeyd edilən iş adamının ailəsinin razılığını alaraq, daha geniş məlumat vermələrini təşkil edəcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Yazıda qeyd edilənlərlə bağlı bütün tərəflərin mövqeyini verməyə hazırıq.

FƏRİDƏ
10-08-2017, 01:31
Geri qayıt