Əsas Səhifə > Gündəm / Son Dəqiqə > "Klinikanın “qara sənədlər”i audit gələndə məhv edilib”-

"Klinikanın “qara sənədlər”i audit gələndə məhv edilib”-


11-01-2018, 22:37.
title}
"Klinikanın “qara sənədlər”i audit gələndə məhv edilib”-


Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya”nın klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva , Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.



Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə klinikada baş həkim, cərrah işləmiş Bəxtiyar Musayev şahid qismində ifadə verib. O, klinikanın sahibi Leyla Şıxliniskaya ilə münasibətlərinin normal olduğunu bildirib. Daha sonra dövlət ittihamçısının sualına cavab verən B.Musayev işdən çıxmaq üçün ərizə yazdığını söyləyib. Prokuror bildirib ki, təqsirləndirilən Şəhla Abbasova ötən məhkəmə iclasında həkimlərin rəsmi maaşı 300-400 manat olduğu halda onlara 30 min manata yaxın maaş verildiyini qeyd edib. Dövlət ittihamçısı şahidə “siz maaşı kartla almısınız?” sualı ünvanlayıb. B.Musayev söyləyib ki, adına maaş kartı var. Lakin o, aylıq nə qədər maaş aldığını açıqlamayıb. Həkim bildirib ki, aylıq maaşdan əlavə əməliyyatlardan, xəstələrin müayinəsi üçün klinikaya edilən ödənişlərdən də qazanc əldə edir: “Klinikaya gətirilən xəstələrin ödəniş edilmədən əməliyyat edilib-edilməməsi ilə bağlı suala isə cavab vermək istəmirəm. Çünkü bu mənim səlahiyyətimə aid deyil və maraqlanmıram”. B.Musayev bildirib ki, bəzi xəstələr əməliyyat olunsa da ödəniş etməyiblər: “Belə hallar olub. Elə xəstə olub ki, 20 min xəstəxanaya borcu qalıb. Nə etmək olardı? Bəzi xəstə olub ki, əməliyyat edilib, amma pul almamışam. Bilmirəm həmin pulu ödəyiblər, ya yox. Mənim klinikadan indi də 11 min manat alacağım var”. Şahid istintaqa ifadəsini təsdiq etdiyini deyib. Digər şahid Gülarə Bağırova bildirib ki, həmin xəstəxanada 10 ildən artıq çalışıb. G. Bağırova təqsirləndirilənlərdən Səkinə Qasımovanın anasıdır. Şahid deyib ki, paralel olaraq 5 saylı doğum evində işləyib. Klinikada şlədiyi müddətdə maaş alması ilə bağlı suallara cavab verərkən deyib ki, klinikada doğuş əməliyyatlarına görə pul alıb. Amma rəsmi maaşı olmayıb və müqavilə əsasında işləyib. G.Bağırova söyləyib ki, indi kartla da onlara maaş verilir. Şahid doğuşdan 50 faizə qədər ödəniş aldıqlarını söyləyib. Doğuş əməliyyatlarının qiymətinin əvvəllər 1250-1650 manat arasında dəyişdiyini deyən G. Bağırova qeyd edib ki, son aylarda ödənişlər 1000 manata qədər azalıb. Şahidlərdən Leyla Hüseynova da məhkəmədə ifadə verib. O, klinikada qeydiyyat şöbəsində işlədiyini, hazırda analıq məzuniyyətinə çıxdığını söyləyib. L. Hüseynova çalışdığı müddətdə gələn xəstələrin qeydiyyata alındığını, ödəniş edildikdən sonra həkim müayinəsinə buraxıldığını söyləyib. Şahid ödəniş etmədən heç bir xəstənin həkim yanına buraxılmadığını deyib. L. Hüseynova 400 manat əmək haqqının 50 faizini kartla, 50 faizini isə nağd şəkildə aldığını deyib. Klinikanın ginekologiya şöbəsində qeydiyyatda işləyən Aygün İsmayılova da şahid qismində ifadə verib. O söyləyib ki, işi sadəcə xəstələri qeydiyyata almaq olub. Aygün İsmayılova ödəniş etmədən klinikaya gələnlərdən yalnız bir nəfəri xatırladığını deyib: “Təcili doğuş idi. Gecə gəlmişdilər. Doğuş olandan sonra dedilər ki, pulumuz yoxdur. Çıxıb getdilər”. Klinikanın mühasibatlığında işləyən Günel Abbasova da şahid qismində dindirilib. O söyləyib ki, işi sadəcə olaraq, daxil olan xəstələrin verdikləri qəbzlərin sayını yoxlamaq olub. G.Abbasovanın Leyla Şıxliniskaya ilə yaxın münasibətlərinə görə işə götürüldüyü məlum olub. O, işə mühasib kimi götürüldüyünü, ancaq ixtisasca kimyaçı olduğunu deyib. Şahid mühasibatlıq işini bilmədiyini qeyd edib. Suallara cavab verən G.Abbasova baş mühasib Ş.Abbasovanın göstərişi ilə bəzi sənədlərin məhv edildiyini deyib: “Həmin sənədlər “qara” sənədlər idi. Şəhla Abbasova dedi ki, dövlətdən yayınmış sənədlərdir. Həmin sənədlər audit gələndə məhv edilib”. Klinikanın baş mühasibi olmuş, hazırda təqsirləndirilən şəxs Ş.Abbasova Günel Abbasovaya belə bir göstəriş verə biləcəyini təsdiqləyib: “Ola bilsin ki, demişəm. Amma dəqiq xatırlamıram”. Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. İstintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl klinikanın sahibi Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib. Şəhla Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb. Leyla Şıxlinskaya isə mətbuata açıqlamasında bu cinayət işinin onunla əlaqəsinin olmadığını bildirmişdi. “Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər – baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”. Leyla Şıxlınskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: “Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtı ilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər”. Qeyd edək ki, “Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayınması ilə bağlı hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılması barədə mediada məlumatlar dərc edilib. (bizimyol)
Geri qayıt