AFN.AZ / Alpinizm Federasiyasına ittihamların pərdəarxası-

Alpinizm Federasiyasına ittihamların pərdəarxası-

Alpinizm Federasiyasına ittihamların pərdəarxası-


Tufandağda itkin düşən 3 alpinistin meyiti tapılandan sonra hadisə ilə bağlı müxtəlif versiyalar, fikirlər səsləndirilməkdə idi. Bir sıra İnternet saytlarında müxtəlif şəxslər tərəfindən baş vermiş hadisəyə görə Hava və Ekstremal İdman Növləri Federasiyası(FAİREX), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş rəhbərliyinə yönəlik ittihamlar səsləndirilirdi.

Belə ittihamların yer aldığı materialların heç birində qarşı tərəfin mövqeyinə yer verilmədiyi üçün “Yeni Müsavat” olaraq, həmin tərəfi dinləyərək iddiaların reallığa nə qədər uyğun olduğunu müəyyənləşdirməyə çalışdıq.

İttihamlardan birincisi budur ki, FAİREX əsl alpinistləri Azərbaycanda dağçılıq sahəsindən kənarda qoymağa çalışır.

Gəlin, əvvəlcə baxaq ki, FAİREX təşkilatı hansı zərurətdən yaranıb?

FAİREX-in ətrafında birləşən alpinistlər çoxluğu hesab edir ki, birincisi, Alpinizm Federasiyası bir qrup şəxsin biznes alətinə çevrilmişdi. İkincisi, əsasən rus və rusdillilərdən ibarət azsaylı qrupun maraqlarına xidmət edən qurum idi.

Üçüncüsü, bu qurum bilərəkdən bu idmanın kütləviləşməsindən qaçırdı. Təsadüfi deyil ki, heç vaxt çempionatlar, yarışlar keçirmirdilər. Tərkibində cəmi 2 klub var idi. Onlar da bir-biri ilə intriqa aparırdı. Belə bir federasiyanın mövcudluğu barədə ictimaiyyətdə demək olar ki, məlumat yox idi.

Bu səbəblərdən elə həmin Alpinizm Federasiyasının üzvü olan iki klubdan biri - Bakı Dağ İdman Klubu hələ o vaxt təsis edilməmiş FAİREX-in gələcək təsisçilərinə müraciət edərək belə bir təşkilatın yaradılması təşəbbüsü ilə çıxış edib. Uzun müzakirələrdən sonra təşkilatın yaradılması barədə qərar qəbul edilib və qısa zamanda FAİREX populyar, xüsusilə gənclər arasında sevilən bir birliyə çevrilib.

Azərbaycan Alpinizm Federasiyasının prezidenti, peşəkar alpinist, SSRİ İdman ustası Nizami Mursaqulov deyir ki, heç bir kəsin dağçılıqdan kənarda qoyulmasından söhbət belə gedə bilməz: “Onlara dəfələrlə müraciət etmişik ki, gəlin birlikdə fəaliyyət göstərək, amma özləri yaxınlaşmayıblar.

Əvəzində Azərbaycanda yeganə SSRİ idman ustası olan mənə qeyri-peşəkar deyirlər. Mən əvvəl uzun illər Alpinizm Federasiyasının Rəyasət Heyətinin üzvü olmuşam. Onlara dəfələrlə deyirdim ki, gəlin yarışlar, kütləvi tədbirlər təşkil edək, gəncləri hazırlığa cəlb edək. Onlar bu təklifləri nəzərə almadılar.

İldə bir neçə nəfər gedirdi xaricdə dağlara çıxırdı, bununla da işlərini bitmiş sayırdılar. Yalnız bir dəfə Akif Rüstəmovun xatirəsinə turnir təşkil etdilər.

Oradakı ab-hava, söz-söhbətdən bezib Rəyasət Heyətindən istefa verdim. Nəhayət, onlar yığışıb yığıncaq keçirdilər, bizi dəvət etmədilər. Ümumiyyətlə, həmin yığıncaqda Alpinizm Federasiyasına aid cəmi bir klubun nümayəndələri və tamamilə kənar şəxslər iştirak edirdi. O yığıncaqdakıların çoxu dağçılıqla əlaqəsi olmayan adamlar idi, formal, 16 nəfərin səs verdiyi bir “seçki” təşkil olunmuşdu və faktiki olaraq federasiya bir iş adamına satılırdı.

Bütün bunlara görə də Ədliyyə Nazirliyi onun nəticələrini tanımadı. Biz yığışıb federasiyanı yenidən qurduq, onlara da təklif etdik ki, birgə fəaliyyət göstərək, qəbul etmədilər. Əsas dağçılıq klublarının hamısı bizimlə işləyir, yalnız 2 klub onların yanındadır. Elə o vaxt mənim federasiyadan getməyim də məhz belə hallar, bu cür yanaşmalarla bağlı idi. Mən onların tərəfində deyiləm deyə hədəfdəyəm. Belə çıxır ki, onların şər-böhtan kampaniyasına qoşulmalıyam ki, məni hədəf seçməsinlər.”

FAİREX –in vitse-prezidenti Arzu Mustafayevin verdiyi məlumata görə, Ekstremal İdman Növləri Federasiyası Bakı Dağ İdman Klubunun prezidenti Tərlan Ramazanovun təşəbbüsü ilə 2005-ci ildə yaradılıb. Fəaliyyətini genişləndirib, uzun illər boyu Alpinizm Federasiyasının üzv olmağa cəhd belə etmədiyi Beynəlxalq Dağçılıq Federasiyasına müraciət edilib üzvlük üçün. Ona qədər Azərbaycan bu beynəlxalq federasiyada təmsil olunmayıb. Bu müraciətdən sonra Alpinizm Federasiyası və onun Rusiyadakı havadarları başlayıblar FAİREX-ə qarşı fəaliyyətlərə. Məsələn, tələb qoyublar ki, federasiyada heç kim dağçılıqla məşğul olmasın. FAİREX rəhbərliyi dəfələrlə birgə tədbirlərin keçirilməsini təklif edib. Hətta ilk müraciət edən tərəf olmalarına rəğmən, Beynəlxalq Dağçılıq Federasiyasında bərabər təmsil olunmağa razılaşıblar: “Biz Sirxan Məmmədov, Yaqub Əsədov, Könül Əsədovanı işə götürdük. Əgər Alpinizm Federasiyası Eldar Cəfərovun yalan dolu müsahibəsində iddia etdiyi kimi belə yaxşı işləyirdisə, onda bu şəxslər dağçılıq üzrə məşqçi ola-ola (özü də elə həmin federasiyanın fəalları olublar) niyə işsiz qalmışdılar və FAİREX onları məşqçi kimi niyə işə götürür, maaş verirdi?! Cavab sadədir: Alpinizm Federasiyası ölü vəziyyətdə idi!

Bu məşqçilər FAİREX-də işləyərkən ilk müddətdə yaxşı başladılar, tələbələrə, gənclərə təlim keçdilər. Lakin bir müddətdən sonra gördük ki, onlar gənclərə tamam başqa şeylər öyrədirlər, təxribatla məşğuldular. Buna görə də bir qismini özümüz kənarlaşdırdıq, bir qismi də özləri getdilər. FAİREX yaradılandan sonra hər il Azərbaycanda dağçılıq üzrə ölkə çempionatı, kütləvi tədbirlər təşkil olunur. Halbuki Alpinizm Federasiyası bunların heç birini etmirdi.

FAİREX əsasən ekstremal, dağ, hava idman növlərinin Azərbaycanda, azərbaycanlı gənclər arasında yayılması və populyarlaşması istiqamətində fəaliyyətini qurmağa başladı. Regionlarda klublar yaratdı və bu klublarda gənclərin bu idman növünə marağını artırmaq üçün işlər həyata keçirdi. Yuxarıda qeyd etdiyimiz kimi, Federasiyanın işsiz qalmış təlimatçıları FAİREX-də təlimçi kimi işləməyə başladılar.

Deyirlər ki, Gənclər və İdman Nazirliyi bizi maliyyələşdirməkdən imtina etdi, maliyyələşmənin FAİREX vasitəsilə olacağını bildirdilər. Məsələ burasındadır ki, FAİREX bir dəfə də olsun adı çəkilən nazirlikdən maliyyə almayıb. Yalnız bir dəfə bir beynəlxalq tədbirin hansısa ödənişini edib, onda da bilavasitə xidmət göstərən təşkilata, FAİREX-ə yox”.

A.Mustafayevin dediyinə görə, yaratdıqları Dağçılıq Məktəbində indiyədək 1000-ə yaxın gənc hazırlanıb: “Eldar Cəfərov müsahibəsində son illərdə bu sahədə pozulan qayda-qanunlardan danışır. Hansı qaydalardan söhbət gedir? Bu qurumun nizamnaməsi belə indiyədək rus dilindədir! Bir dəfə də olsun respublika səviyyəli çempionat keçirməyən qurum hansı qanun-qaydalardan danışır?! Bu sahədə ümumiyyətlə, heç bir qaydalar müəyyən edilməyib. Bu da Federasiyanın yarıtmaz fəaliyyətinin nəticəsidir”.

Dağçılıq Məktəbinin direktoru Babək İsgəndərov bildirir: “Belə çıxır ki, Azərbaycanlı gənclər dağçılıqla məşğul olmaq üçün rus dilini öyrənməli idilər?! Biz AAF-ın yarışlarına gedəndə bütün protokollar, elanlar, məlumatlar hamısı rusca verilirdi. Regionlardan olan gənclər təbii olaraq buna etiraz edirdik ki, bu, Azərbaycanın idman federasiyasıdır və bütün məlumatlar azərbaycanca olmalıdır. Biz öz evimizdə özümüzü qonaq kimi hiss edirdik”.
Vitse-prezident FAİREX-in təcrübəsi və biliyi olanları sıxışdırmaqla bağlı qarşı tərəfin ittihamlarını da birmənalı şəkildə rədd edir: “50 yaşlı bir federasiyanı ətalətdə elə siz özünüz saxlayırdınız. Sizə normal fəaliyyət göstərməyə kim mane olurdu?

10 ildir ki, FAİREX dövlətdən heç bir maliyyə yardımı almadan hər il bir neçə respublika çempionatı, bölgələrdə təlim-məşq toplantıları, hətta Bakıda idman dırmanması üzrə iki dünya kubokunun əsas təşkilatçısı kimi çıxış edib, regional və beynəlxaq tədbirlərdə Azərbaycanı təmsil edib”.

Dağçı Hüseyn Həsənov isə bildirir ki, dağçılıq idmanının kütləviləşməsini müsahibədə özləri də etiraf edirlər: “Klubların çoxalmasını, yürüşlərin sayının artmasını... aydındır, bu, sizin on illərlə apardığınız “iki klub” siyasətinizlə üst-üstə düşmür – bəlkə budur sizi narahat edən?! Buna görə də bu nəticələri mənfi kimi dəyərləndirirsiniz. Buna sevinmək əvəzinə uydurursunuz ki, itkilərlə nəticələnən guya çoxsaylı hadisələr baş verib. Hansı faktları sadalaya bilərsiniz?! Heç bir faktı! Deməli, böhtançısınız! Səsləndirdiyiniz bütün fikirlər bax, bu qədər qeyri-ciddidir.

Həmin günlərdə İsveçrədə, Türkiyədə də alpinistlərin həlak olması barədə xəbərlər yayıldı. Rusiyada hər il belə hadisələr baş verir. Belə çıxır ki, bu ölkələrdə xilasetmə işləri yoxdur? Yoxsa xislətinizi əsaslandırmaq üçün bunlarında günahını bizdə görəcəksiniz? Alpinizm kütləviləşdikcə belə hallar da baş verə bilər. İtkilər indiyədək ona görə yox idi ki, demək olar ki, heç bir fəaliyyətiniz yox idi.

İddia edirsiniz ki, təhlükəsizlik sistemi dağıdılıb. Sizdə təhlükəsizlik qaydaları axı heç vaxt olmayıb...! FAİREX isə onun tərkibinə daxil olan klublar qarşısında təhlükəsizlik tədbirlərini vacib tələb kimi qoyur. FAİREX-in təhlükəsizlik və xilasetmə, marşrut komissiyaları fəaliyyət göstərir.
Alpinizmə aid olmayan adamları toplayıb seçki keçirdiniz və guya federasiyanın gələcəyini müəyyən etdiniz. Konfransın fotolarında dağdan xəbəri olmayan biznesmenlər görünür. Dağçılığın inkişafında onlaramı ümid edirdiniz?

Azərbaycanlı gənclərin dağçı olması, öz dağlarına sahib çıxması sizin maraqlarınıza uyğun deyildi”.

Dağçı İlqar Məmmədov (Qayaya dırmanma üzrə ölkə çempionu, mərhum Reyhan Məmmədovanın atası): “Belə anlaşılır ki, Federasiya Rusiyadan dəvət etdiyi rəhbər sayəsində də bir yana çıxa bilməyib. Qurumun 2016-cı ildə keçirdiyi seçkidə cəmi bir klub iştirak etdiyindən Ədliyyə Nazirliyi bu seçkini və onun nəticələrini tanımayıb. Təbii ki, konfransdan kənarda qalan klublar da seçkini tanımayıb və çoxluq təşkil edən bu klubların iştirakı ilə yeni seçki keçirilib və 1976-cı ildən Alpinizm Federasiyasının idarə heyətinin üzvü, SSRİ-nin idman ustası Nizami Mursaqulov konfrans nümayəndələrinin yekdil səsi ilə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib”.

Həlak olan dağçıları kim hazırlayıb?

Qrupun rəhbəri Namin Bünyatov federasiyanın təlimatçıları - 2007-ci ildə Sirxan Məmmədov və Firuz Dadaşovla birlikdə Pamir (Lenin zirvəsi – 7134 metr), Elbrus dağına (qışdırmnaması – 5642 metr), Kazbek zirvəsinə (5033 metr) qalxıblar. Tufandağın hündürlüyü isə 4 min metrdir. İndi “həmin gənclər peşəkar olmadıqları halda, niyə Tufandağa buraxılırdılar” deyirlər. Məsələ burasındadır ki, onlar “Gilavar” klubuna Tufandağa qalxmazdan 15-20 gün əvvəl qoşulublar, ona qədərsə həmin sualı verənlərin yanında olublar, onlara sertifikatları da həmin şəxslər verib. Bu halda sual yaranır ki, qeyri-peşəkarları Pamirə necə aparıblar?

İddialardan biri budur ki, Tufandağa qalxmaq üçün 5 gün tələb olunur, amma mərhum dağçılara cəmi 3 gün icazə verildiyi üçün hazırlaşmağa, məşq etməyə imkan tapmayıblar. A.Mustafayevin dediyinə görə, reallıqda məsələ belədir ki, Şahdağ milli parkının ərazisi olduğu üçün hər kəs orada olduğu hər gün üçün 4 manat ödəniş etməlidir, heç kim üçün isə gün məhdudiyyəti qoyulmur. Dağçılar dekabrın 14-də müraciət ediblər, 17 dekabrda icazələr verilib, 3 gün müddəti də özləri müəyyənləşdiriblər, hansı günlərdə getməyi də: “Heç kəs onlara gün məhdudiyyəti qoymayıb. Dekabrın 23-də gediblər Tufandağa, xəbər ediblər ki, hava şəraiti imkan vermədiyi üçün qalxa bilməyiblər”.

Dağçılarla sonuncu əlaqə dekabrın 24-ü axşam saat 19.00 radələrində saxlanıb. Deyiblər ki, 25-də zirvəyə qalxacaqlar. Yəni yeni xəbərin 25-də olmadığını bilən kimi FAİREX-in də, ETSN-in də, FHN-in də nümayəndələri hadisə yerinə gedib.

Maraqlı bir iddia da qoyulur ortaya ki, ETSN-in əməkdaşları itən alpinistlərin axtarışlarında iştirak etməyiblər. Halbuki adı çəkilən nazirliyin bütün qüvvələri ilk saatlardan etibarən axtarış işlərində iştirak etmək üçün FHN-in ərazidəki qrupunun tabeliyinə verilib. Aktiv iştirak etməyən yalnız metereoloqlar olub. Ki, Emil Vəliyev onları da ittiham edir. Onlar da öz işlərini yerinə yetirməliydilər, hər halda, xilasedicilik onların vəzifə səlahiyyətlərinə daxil deyil və onları nədəsə ittiham etmək məntiqli görünmür.

“Bu gün FAİREX və ETSN-i ittiham edənlərdən biri olan Emil Vəliyev FAİREX-in icraçı direktoru işləyib. Dağçılıq yarışlarında iştirak edən gənclərə yalan məlumat verib, guya Gənclər və İdman Nazirliyinin yarışlara ayırdığı vəsait idmançılara çatmayıb. Halbuki icraçı direktor kimi yaxşı bilirdi ki, heç bir vəsait ayrılmayıb. Onu FAİREX-ə tanınmış həkim Vasif İsmayıl gətirib deyə ona etimad göstərildi, lakin intiriqaçı və yalançı olduğu tez üzə çıxdı” – deyə Babək İsgəndərov bildirir.

Eyni yerdə qurulan iki düşərgə

Dağçılıq Məktəbinin direktoru Babək İsgəndərov maraqlı bir faktı da açıqlayır. Onun sözlərinə görə, həyatlarını itirən dağçıların təlimatçısı olan Sirxan Məmmədov əvvəllər FAİREX-də olduğu müddətdə Babəkgili də hazırlaşdırırmış: “2011-ci ilin dekabrında biz onunla Tufandağa çıxdıq. Dekabrın 17-də bizə düşərgəni indi həmin uşaqların uçqun altında qadığı yerdə qurdurdu... 2015-2016-cı illərdə Namin Bünyatova da həmin yerlərdə təlim keçiblər. Bütün avadanlıqları, marşrutları bu gənclər Emil Vəliyev və Sirxan Məmmədovdan almışdı...”

Bu, o deməkdir ki, dağçıların başına gələn faciə illər öncə həmin yerdə düşərgə quran qrupun da başına gələ bilərdi.

B.İsgəndərov fikrini davam etdirir:“Deməli, alpinistlərin həlak olmasında günahkar axtaranlar özlərinə baxsınlar elə Alpinist Federasiyasına, onun təlimatçıları, Sirxan Məmmədova, Emil Vəliyevə... Xilasəedicilərin olmaması barədə deyilənlər də cəfəngiyyatdır. Məlumat daxil olan axşam xilasedicilər əraziyə çıxıblar. Sizin dağçılıq üzrə təlimatçınız Sirxan Məmmədov da bu axtarışlarda iştirak edib. Sirxan Məmmədov isə müsahibəsində bildirir ki, axtarışlar doğru yerdə aparılmayıb. Hansı yerin doğru olub-olmadığını necə müəyyən edirsiniz? Tapıldıqdan sonra həlak olan alpinistlərin harda olduğunu bildiyinizi deyirsiniz. Əmin idinizsə, hardan əmin idiniz? Və əgər əmin idinizsə, onda 5 ay niyə gözləyirdiniz?! Alpinizm Fedrasiyasının keçmiş rəhbərliyinin yalanlarla dolu, nailiyyətləri barədə cəfəngiyyatları, başqalarının ünvanına fürsət düşüb deyə səsləndirdiyi ittihamlar belə çıxır ki, elə öz fəalları olan Emil Vəliyev və Sirxan Məmmədova aiddir”.

B.İsgəndərov da, N.Mursaqulov da deyir ki, dünyada qar uçqununun altında qalan insanların sağ çıxması ehtimalı 10 faizdən də aşağıdır: “Ən yaxşı halda uçqun altında bir neçə saat sağ qalmaq mümkündür. Bu halda isə uçqun baş verməsindən yarım sutkadan çox vaxt keçəndən sonra dağçılardan xəbər çıxmadığı aydınlaşıb. Yəni hətta həmin vaxt tapılsaydılar belə, onların salamat qalmaları mümkün deyildi”.

Babək İskəndərov əlavə edir: “İndi Emil Vəliyev və Sirxan Məmmədov, Eldar Cəfərov, bir sıra içində köhnə şəxsi münasibətlərinə aid kinini gəzdirən obyektivlikdən uzaq jurnalistlə dəstələşib, reallıqdan uzaq nə gəldi yazırlar. Emil Vəliyev və Sirxan Məmmədov iddia edirlər ki, axtarışları düzgün yerdə aparırdılar, onlara mane oldular. Gənclərin uçquna düşdüyü yeri bilirdilərsə, zirvəyə nə üçün çıxmışdılar?! Daha bir sual oluna bilər: hardan bilirdilər ki, çadır məhz harda qurulub? Ola bilərmi ki, çadırı orda qurmağı itkin düşən uşaqlara telefonla və ya əvvəlcə verdiyiniz təlimatla elə siz tövsiyə etmisiniz və buna görə də bilirdiniz?! Elə 2011-ci ildə tövsiyə etdiyiniz kimi... Bu uşaqlar sizin dostlarınız idi, niyə onlara dəstək olmaq üçün Xınalıqda yürüş müddətində növbə çəkmədiniz? Onu da deyim ki, hadisədən sonra əraziyə gələndə Sirxan uşaqlar tapılan kimi onların “ayaqqabıları mənimdir”, “gödəkçəsi mənimdir” deyə murdarcasına planlarını hamının yanında, mənim də eşidə biləcəyim tərzdə bildirdi”.

Ümumiyyətlə, dağçılar arasında ölüm halları qonşu Rusiyada, Türkiyədə tez-tez baş verir, çünki onlarda bu işlə məşğul olanlar çoxdur. Dünyanın ən təhlükəli işlərindən biridir dağçılıq, xırda bir səhv belə faciə ilə bitə bilir. Üç dağçının ölümünə də düşərgənin uçqun təhlükəsi olan ərazidə qurulması səbəb olub...

Xilasedicilərə siqnalverici cihaz verilmədiyi deyilir. A.Mustafayevin dediyinə görə, onların nəzərdə tutduqları cihazlardan Azərbaycanda heç kimdə yoxdur. Hətta dağçılıq ölkəsi olan İsveçrədə də bu cihazlardan geniş istifadə olunmur. Digər tərəfdən, hətta olsaydı belə, həmin cihazın o ərazidə siqnal verib-verməyəcəyini heç kim deyə bilməz.

Maraqlı bir də budur ki, dağçılıqla məşğul olanlar üçün Azərbaycanda heç bir qayda qəbul olunmayıb. FAİREX-in hazırladığı qaydaları qarşı tərəfin etirazları üzündən Nazirlər Kabineti və Ədliyyə Nazirliyi qəbul etməyib. Həmin qaydalarda dağa qalxmaq üçün şərtlər, təhlükəsizlik tədbirləri nəzərdə tutulurmuş.
14-06-2018, 14:57
Geri qayıt