AFN.AZ / Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq-

Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq-

Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq-


Noyabrın 17-də saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

“Qafqazinfo” xəbər verir ki, nəticədə 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli buraxılıb.

Saxlanılan 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub. Onlarla bağlı bu gün Səbail Rayon Məhkəməsində qərar veriləcək.

Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli də var. O, iki maddə üzrə ittiham olunur.

Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham edilir. O da bu gün məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.

***

Sabah – noyabrın 18-də səhər saatlarında Milli Şuranın Koordinasiya Mərkəzi Müsavat Partiyasında fövqəladə toplantı keçirəcək.

Strateq.az xəbər verir ki, bu barədə qurumun Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal məlumat verib. Onun sözlərinə görə, toplantıdan sonra mətbuat üçün brifinq keçiriləcək.

***

AXCP sədri Əli Kərimlinin məhkəməyə aparılması barədə xəbərlər təsdiqlənmir. Partiya fəallarının sosial şəbəkədə bildirdiklərinə görə, Yasamal və Səbail məhkəmələrində işıqlar sönüb, hər hansı iş fəaliyyəti yoxdur.

AXCP fəalları bildiriblər ki, Ə.Kəriminin hazırda saxlanıldığı barədə məlumatları yoxdur.

***

Cəmil Həsənli “Facebook”da canlı yayımda həbsi barədə danışıb.

O bildirib ki, həbs edilərkən və ya ondan sonra polis idarəsində onlara qarşı hər hansı kobud rəftar olmayıb: “Bizə qarşı hər hansı kobudluq olmadı, nəzakətlə rəftar elədilər. İdarəyə çağrılan təcili yardım maşınlarına gəlincə, mənə və Əli bəyə görə gətirilməyib. Ola bilsin ki, saxlanılan şəxslərdən kimlərəsə görəsə çağırılıb. Əvvəl məni, sonra Əli bəyi bir otağa apardılar. Orada bizdən izahat yazmağı xahiş elədilər. Biz bildirdik ki, vəkillərimiz gəlməyincə, izahat yazmayacağıq. Və beləliklə, biz izahat yazmadıq. Bizi nədə günahlandırdıqlarını demədilər. Amma saxlanılarkən, bizim qanunsuz aksiyaya cəhd etdiyimizi demişdilər”.

***

Sosial şəbəkədə yayılan xəbərlərə görə, bu dəqiqələrdə Əli Kərimlini və bir neçə müxalifət fəalını məhkəməyə aparırlar.



***

Bu dəqiqələrdə sosial şəbəkələrdə yayılan məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli sərbəst buraxılıb. Onun səhhətinin normal olduğu bildirilir.

***

Bir qədər əvvəl ABŞ-ın nüfuzlu “Vaşinqton Post” və “Nyu York Tayms” nəşrləri Azərbaycanda müxalif liderlər – AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənlinin saxlanmasına dair operativ xəbər yayıb.

***

Səbail rayon Polis İdarəsinin qarşısına toplaşmış AXCP-çilər 13 partiya üzvü barəsində inzibati protokol tərtib edildiyini deyirlər. “Amerikanın səsi” xəbər verir ki, bu haqda onlara polis idarəsindən məlumat verilib.

Həmin müxalifətçilərin İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi ilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) məsuliyyətə cəlb ediləcəyi bildirilir. Sözügedən maddə fiziki şəxslər üçün 300 manatdan 3000 min manatadək cərimə və ya 160 – 240 saat ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs cəzası nəzərdə tutur.

AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də hazırda Səbail rayon Polis İdarəsindədir. Onlar barəsində inzibati protokol tərtib edilib-edilmədiyi haqda məlumat verilmir.

***

Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb. Bəzi məlumatlara görə, Cəmil Həsənlinin halı pisləşib.

Milli Şura həbsdə olan Cəmil Həsənli, Əli Kərimli və digərlərinin azadlığa buraxılmasını tələb edən bəyanat yayıb.

***

17 noyabr Milli Dirçəliş Günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilər saxlanılıb. Onların arasında AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənlinin də olduğu bildirilir.

Azadliq.org-un məlumatına görə, bu haqda Demokratik Qüvvələrin Milli Şurasından bildiriblər.

Məlumata görə, quruma üzv olan siyasi birliklərin üzvləri kütləvi şəkildə bu gün ziyarət məqsədi ilə Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Lakin əraziyə nəzarət edən hüquq-mühafizə qurumları əməkdaşları onları xiyabana buraxmayıb.

Daha sonra əraziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinin saxlandığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Ruslan Qurbanlı da saxlanıldığını deyib. Onun bildirdiyinə görə, 50-dən artıq müxalifətçi avtobuslara doldurularaq Səbail Rayon Polis İdarəsinə aparılıb.

AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda Səbail Polis İdarəsinin həyətində saxlanılır.

Hələlik Daxili İşlər Nazirliyi və rəsmi qurumlardan müxalifətçilərin saxlanması ilə bağlı açıqlama almaq mümkün olmayıb.
18-11-2018, 10:30
Geri qayıt