Mingəçevirdə körpə əməliyyat zamanı öldü


Mingəçevirdə körpə əməliyyat zamanı öldü


Mingəçevir şəhərində 2 yaşlı körpə əməliyyat zamanı ölüb.



AFN "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı zamanı baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü, Yevlax rayon sakini Ayaz Vüsal oğlu Həsənəliyev ağır vəziyyətdə əvvəlcə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada uşağı əməliyyat etməkdən imtina ediblər.

Bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən A.Həsənəliyev vəziyyətinin ağırlığı səbəbindən dərhal əməliyyata alınıb. Körpə əməliyyat zamanı bəlli olmayan səbəbdən keçinib.

Azyaşlının ölümü ilə bağlı Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinin ilkin rəyi də məlum olub.

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov "Report”a bildirib ki, Ayaz Həsənəliyevin əməliyyat zamanı ölümünə səbəb ola biləcək səbəblər araşdırılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən ilkin rəy formalaşıb: "Körpənin orqanizmində ağciyər problemlərinin mövcudluğu aşkarlanıb. Problemin virus mənşəli, xroniki, yaxud başqa səbəblərlə əlaqəli olması ilə bağlı məsələyə analizlərin növbəti mərhələsində aydınlıq gətiriləcək. Biz bu məqsədlə nümunələri daha dərin analizlərin əldə edilməsi üçün paytaxta göndərəcəyik”.

Həkim qeyd edib ki, Ayaz Həsənəliyev yırtığın (qrija) aradan qaldırılması diaqnozu ilə əməliyyata alınıb: "Bir xəstəxana körpəni ağır durumda əməliyyat etməkdən imtina edib. Körpənin valideynləri ümidlə Mingəçevirə üz tutublar. Elə bir vəziyyətdə biz də müalicədən imtina etsək, peşə etikasına uyğun olmazdı. Məhz bu amilləri nəzərə alaraq əməkdaşlarımız çarəsiz durumda belə körpəni əməliyyat edərək xilas etməyə çalışıb. Təəssüf ki, onun orqanizmində qeyd etdiyim kimi digər fəsadlar üzə çıxıb ki, bu da əməliyyatın gedişinə təsir edib”.

Qeyd edək ki, 2 yaşlı Ayaz Vüsal oğlu Həsənəliyev ailənin 3-cü övladıdır. Onun atası Vüsal Həsənəliyev hazırda həqiqi hərbi xidmətdədir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu