Millimiz Türkiyədə toplanışa və turnirə qatılacaq


Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.



Federasiyadan AFN-ə verilən məlumata görə, baş məşqçi Umberto Orta Domingesin rəhbərlik etdiyi yığma Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək.

Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominges (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) yoxlayacaq.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan Azərbaycan idmançıları ilə birgə məşq edəcəyi istisna olunmur.

Komanda martın 21-dək davam edəcək hazırlığın son günlərində beynəlxalq turnirə də qatılacaq. Yığma üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək.

Qeyd edək ki, boksçular Türkiyəyə bu gün yola düşəcəklər. Komandanın heyətində hələlik Tayfur Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu