DÇ-a yollanacaq güləşçilərin adları məlum olub


Güləş üzrə milli komandamız növbəti təlim məşq toplanışını keçirib. Amma bu toplanış güləşçilər üçün digərlərindən daha vacib xarakter daşıyıb.

ANS TV-nin məlumatına görə, məşqdən əvvəl federasiyanın I vitse-prezidenti Namiq Əliyev dünya çempionatında iştirak edəcək güləşçilərin adını açıqlayıb.

Avropa oyunlarında iştirak etməyən Yunan-Roma güləşçimiz Rövşən Bayramovun Mundialda iştirak edəcək idmançıların sırasında yer alması diqqətimizi çəkdi və federasiyanın I vitse-prezidenti Namiq Əliyev bu məsələyə bu cür aydınlıq gətirdi:

“Bu günləri Rövşən Bayramov formasını bərpa edib. Son məşqlər bir daha onu göstərdi ki, Rövşənə etibar etmək olar. Hesab edirik ki, Rövşən də öz sözünü deyəcək”.

Sərbəst güləşçilərimiz isə dünya çempionatında 8 çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaqlar.

57 kiloqram çəki dərəcəsində Mahir Əmiraslanov mübarizə aparacaq. Dünya və Avropa çempionumuz Hacı Əliyev isə 61 kiloqramda Mundialın medalları uğrunda yarışacaq. Olimpiya çempionumuz Toğrul Əsgərov isə 65 kiloqramda qüvvəsini sınayacaq.

Digər çəki dərəcələrində güləşəcək idmançılarımıza gəlincə, 70-də Ruslan Dibirhacıyev, 74-də Cabrayıl Həsənov, 86-da Məhəmmədhacı Xatiyev, 97-də Xətaq Qazyumov və nəhayət 125-də Cəmaləddin Məhəmmədov dünya çempionatı zamanı məharətini göstərməlidir.

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçiriləcək Mundiala sentyabrın 7-də start veriləcək və dünya çempionatına 12 sentyabr tarixində yekun vurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu