“Neftçi” İdman Klubunun üzvü dünya çempionu oldu və yeni rekord etdi


ABŞ-ın Hyuston şəhərində keçirilən ağırlıqqaldırın dünya çempionatında “Neftçi” İdman Klubunun üzvü Boyanka Kostova (58 kq) yarışda böyük əzmkarlıq nümayiş etdirib və dünya çempionu tituluna yiyələnib.

Allsport.az saytı xəbər verir ki, o, qalib olmaqla yanaşı, yeni dünya rekordu edib.

Birdənqaldırma hərəkətində ilk cəhdini boşa verən Kostova, ikinci yanaşmasında 109 kq ağırlığı qaldırmaqla, özünə məxsus Avropa rekordunu təkrarlayıb. Ardınca o, 112 kq çəkinin öhdəsindən gəlib. Üçüncü cəhdində bu çəkini ram etməklə, Boyanka yeni dünya rekordu vurub. Buna qədər rekord çinli Çen Yanqinqə məxsus idi. Atletimiz rəqibinin 2006-cı ildə yenilədiyi rekordunu 1 kq qabaqlayıb. O, 112 kq ağırlığı başı üzərinə qaldırmaqla, Avropa rekordunu da adına yazdırıb.

Boyanka Kostova təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. Əvvəlcə 136 kq-ın öhdəsindən gələn təmsilçimiz bununla növbəti rekordu yeniləyib. Ona görə ki, toplamda 248 kq göstərici onun özünə məxsus Avropa rekordunun təkrarı olub. Kostova ardınca 140 kq çəkini sifariş edib. Ancaq ikinci yanaşmasını boşa verən ağırlıqqaldıranımız üçüncü cəhdində bunu bacarıb. Bu isə toplamda yeni rekordla nəticələnib. O, 2006-cı ildə Yanqinqin müəyyənləşdirdiyi rekordu yenə də 1 kq təzələyib. Eyni zamanda, bu nəticə həm təkanla qaldırma, həm də toplamda Avropa rekordunun yenilənməsinə gətirib çıxarıb.

Beləliklə, Boyanka Kostova toplam 252 kq (112 kq + 140 kq) nəticə ilə Azərbaycan ağırlıqqaldırma tarixində ilk edib. Qadın idmançılarımız arasında ilk dünya çempionu adını qazanan Kostova, həm də 6 rekordu – 2 dünya və 4 Avropa rekordunu adına yazıb. Qeyd edək ki, 22 yaşlı Boyanka Kostova iki dəfə Avropa çempionu olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu