Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşir


Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşəcək.


"Report"un məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarından 2-si Bakıda, digərləri isə Sumqayıt və Qəbələdə keçiriləcək.
Açılış matçında "İnter" və "Rəvan" komandaları qarşılaşacaq. "Bayıl Arena"da keçirilmiş ilk görüşdə "İnter" favorit hesab olunsa da, qonaqların 2:1 hesablı qələbəsi onların cavab oyununa üstün çıxmasına şərait yaradır. Lakin hesab təhlükəli olduğundan, "bankirlər" evdə minimal hesablı qələbə sayəsində mərhələ adlaya bilərlər. "Rəvan" isə ən azı hesabı qorumalıdır.
"Kapital Bank Arena"da "Sumqayıt" və "Qarabağ" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Ev oyununda rəqib qapısından 2 cavabsız top keçirən Ağdam təmsilçisi meydana daha rahat çıxacaq. "İnter Arena"dakı qarşılaşmadan fərqli olaraq, bu dəfə qonaqlara bərabərlik, hətta bir top fərqi ilə məğlubiyyət də sərf edir.
Bu görüşlə eyni saatda "Qəbələ" - "Zirə" oyunu start götürəcək. Premyer Liqada qonşu pillələrdə yer alan komandaların görüşündə "qırmızı-qaralar" üstün tərəfdir. Bir həftə öncə səfərdə 2:1 hesablı qələbəni bayram etmiş Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bu dəfə heç-heçə sayəsində belə adını 4 komanda sırasına yazdıracaq. "Zirə" isə növbəti mərhələyə vəsiqə qazanmaq üçün qapısını toxunulmaz saxlamaqla, ən azı 2 qol vurmalıdır.
1/4 finalın son görüşü isə "Bakcell Arena"da keçiriləcək. İlk oyunda 3:2 hesablı qələbə qazanan "Xəzər Lənkəran" Premyer Liqadakı uğursuzluğunu kubok görüşündə də davam etdirməmək üçün "Neftçi"dən üstün olmağa çalışacaq. Premyer Liqada mükafatçılar sırasından xeyli aralı düşən komandalar bütün diqqətlərini kuboka yönəldib. "Xəzər Lənkəran" səfərdən heç-heçə ilə dönəcəyi təqdirdə, adını yarımfinala yazdıracaqsa, Bakı klubu bunun üçün "ağ-yaşıllar"ın qapısından heç olmasa, 2 cavabsız top keçirməlidir.
Azərbaycan Kuboku, 1/4 final, cavab görüşləri
14:00. "İnter" – "Rəvan"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Bakı, "İnter Arena"
İlk oyun: 1:2
15:00. "Sumqayıt" – "Qarabağ"
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt. "Kapital Bank Arena"
İlk oyun: 0:2
15:00. "Qəbələ" - "Zirə"
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coqşun Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ. Qəbələ şəhər stadionu
İlk oyun: 2:1
17:30. "Neftçi" - "Xəzər Lənkəran"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Bakcell Arena"
İlk oyun: 2:3
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları aprelin 27-də, cavab görüşləri isə mayın 4-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu