Dirəklərə 10 min, futbolçulara 5 min “premiya” verilsin!


"Millimiz uduzdu". "Millimiz yenə uduzdu". "Millimiz növbəti dəfə uduzdu". "Soxdular papağımızı yerə"...

Biz bu tipli başlıqları hələ çox yazacağıq. Və hər dəfə biz yazdıqca AFFA-nın bəstəboy patronu bizim acığımıza komandaya pul paylayacaq. Və hər dəfə də adını bir cür qoyacaqlar. Gah adı olacaq “layiqli mübarizə apardıq”, gah olacaq “şərəfimizlə uduzduq”, hələ lazım olsa, “şortikimiz əynimizdə uduzduq” adıyla da “premiya” paylayacaqlar. Olsun, nə deyirik ki. Pul ki bizim deyil. Onu öz zəhmətləriylə, alınlarının əzab və məşəqqətdən süzülən təriylə qazanıblar. İndi də istədikləri qədər paylayırlar...

Hə, yəqin ki, bu dəfə də rəşadətli mübarizə apardıqlarına görə futbolçu balalarınızın ciblərinə pul basacaqsız, Rövnəq bəy. Amma sizi and verirəm hər sonunda Azərbaycan futbolu üçün dua elədiyiniz namazlarınıza, pul paylayanda bu gecə sizi milli biabırçılıqdan hifz edən qapı dirəkləriylə tiri də yaddan çıxartmayın. “Nə adla verim” deyə bilərsiz, misalçün. Adını bu dəfə biz qoyaq: “daldakı problemlərimizi ört-basdır elədiyinə görə”...

Uduzan futbolçusuna 5 min “premiya” verən adam komandasını 4-5 qoldan xilas edən dirəklərlə tirə 10 min versə, çoxmu olar, əcəba? Nədi, bəlkə bu gecə dirəklər futbolçularınızdan az iş gördü?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu