Hərbçi idmançılarımız ilk gündə 5 medal qazandı- FOTOLAR




Sentyabrın 20-də Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib.



AFN xəbər verir ki, yarışın birinci günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub. Belə ki, sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.

Yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. Yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar. Bununla da yarışın ilk günündə komanda hesabında güləşçilərimiz ikinci yerə yüksəliblər.

Qızıl medalı millimizin aktivinə Qalib Əliyev yazdırıb. Sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın finalında amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Ağahüseyn Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq üçüncü pillədə qərarlaşıb. Onu da qeyd edək ki, A.Mustafayev kişilər arasında döşəyə çıxan ilk idmançımız olub. O, ilk görüşündə ukrayna təmsilçisi erməni əsilli Qor Aqanesyana qalib gəlib. Təəssüflər olsun ki, idmançımızın ikinci yerə çıxmasına böyük şansı olsa da, xal hesablanması zamanı hakimlərin haqsızlığı ilə üzləşərək bürünc medala sahib olub.
Coşqun Əzimov (70 kq) isə polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Qadın güləşçilərin yarışı dairəvi sistem üzrə keçirilib. Güləşçimiz Türkan Nəsirova (48 kq) Çin idmançısı Jou Çengçengi 8:5 hesabı ilə məğlub edərək gümüş medal qazanıb. T.Nəsirovanı çempionata beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının əməkdar məşqçisi Tural Əliyev hazırlayıb.

Qeyd edək ki, dünya çempionatında komandamıza ilk medalı Türkan Nəsirova qazandırıb.

Yarışlar davam edir.
















































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu