Bu gün voleybolçu qadınların Avropa çempionatında daha 7 qrup oyunu keçiriləcək




Voleybolçu qadınlar arasında Avropa çempionatında bu gün qrup mərhələsinin daha 7 oyunu keçiriləcək.



Göygöldə və Gürcüstanın paytaxtı Tbilisidə son görüşlər təşkil olunacaq.
Milli Gimnastika Arenası isə növbəti 3 qarşılaşmaya ev sahibliyi edəcək.
Bu arenada günün ilk matçı C qrupunda yer alan Bolqarıstan və Türkiyə yığmaları arasında olacaq. İlk turda Bolqarıstan Ukraynanı 3:2 hesabı ilə yenibsə, Türkiyə Rusiyaya uduzub - 1:3. "Ay-ulduzlular" 3:0 və ya 3:1 hesablı qələbə qazansalar, 3 xalla 2-ci pilləyə yüksələcəklər.
Daha sonra meydana A qrupundakı komandalar çıxacaqlar. Azərbaycan millisi Polşanı sınağa çəkəcək. İlk 2 turda Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə yenən Polşa 5 xalla qrup lideridir. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv isə çempionatda keçirdiyi hələlik yeganə oyunda Macarıstana heç bir şans verməyib - 3:0. Yalnız 3:2 istisna olmaqla, digər hesablarla qələbə təqdirində, Azərbaycan millisi qrup liderinə çevriləcək. Bu oyunun ardından, 1 xala malik Almaniya ilə xalsız Macarıstan üz-üzə gələcək.
Göygöl Olimpiya Kompleksində D qrupunun komandaları qarşılaşacaqlar. İlk 2 turu inamlı qələbələrlə başa vuran Serbiya xalsız Belçikanı sınağa çəkəcək. Daha sonra, hərəyə 3 xalı olan Çexiya və Hollandiya yığmaları azarkeşlər önünə çıxacaqlar. Serbiya hətta 2:3 hesabı ilə uduzsa belə, qrup lideri kimi birbaşa 1/4 finala yüksələcək.
Nəhayət, Tbilisidə təşkil olunan B qrupunun oyunlarında lider İtaliya özündən 2 xal geri qalan Xorvatiyanı sınağa çəkəcəksə, 2 xalı olan Belarus xalsız meydan sahibi Gürcüstanla görüşdə sensasiyanın baş verməməsinə çalışacaq.

Avropa çempionatı

24 sentyabr
A qrupu
18:00. Azərbaycan - Polşa
20:30. Almaniya - Macarıstan
Milli Gimnastika Arenası
Xal durumu: Polşa - 5, AZƏRBAYCAN - 3, Almaniya - 1, Macarıstan - 0

B qrupu
17:00. Gürcüstan - Belarus
20:00. Xorvatiya - İtaliya
Tbilisi, Yeni İdman Sarayı
Xal durumu: İtaliya - 6, Xorvatiya - 4, Belarus, 2, Gürcüstan - 0.

C qrupu
15:30. Bolqarıstan - Türkiyə
Milli Gimnastika Arenası
Xal durumu: Rusiya - 5, Bolqarıstan - 2, Ukrayna - 2, Türkiyə - 0.

D qrupu
17:00. Belçika - Serbiya
20:00. Çexiya - Holandiya
(report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu