AFN.AZ / SOCAR və AFFA idman mətbuatını vecinə almadı!

SOCAR və AFFA idman mətbuatını vecinə almadı!

Müxtəlif yaş qrupları üzrə milli komandalar, klublar, hakimlər, hətta AFFA-nın yaratdığı Məşqçilər Komitəsinin üzvləri də bir-bir ölkəni tərk edirlər. Sankt-Peterburqa yollanan U-19 millimiz istisna olmaqla, qalanlarının məkanı Antalyadı. Qarşıdakı 20 gündə Azərbaycan futbolunun ürəyi Antalyada döyünəcək desək, yəqin ki yanılmarıq. Məntiqlə belə bir vəziyyətdə idman mətbuatımız da orda olmalıdı. Amma təəssüflər olsun ki, idman mətbuatını vecinə alan yoxdu.

Dünən məlum oldu ki, AFFA-nın ardınca PFL də jurnalistlərin səfərini təşkil etmir. İdman mətbuatı ardıcıl ikinci qışı da ölkə daxilində keçirəcək. Əslində, bu məsələdə PFL-i çox da qınamaq olmaz. 25 milyon (!) büdcəsi olan AFFA Antalyaya, Sankt-Peterburqa jurnalist göndərmirsə, yarım milyonluq büdcə ilə PFL bunu necə eləsin? O başqa məsələ ki Ramin Musayev Futbolxeber.az-a müsahibəsində “rus klubları gəlsə hakimlər Antalyaya gedəcək. Mətbuatı da aparacam” sözünü vermişdi...

Kim deyirsə ki, AFFA-nın pulu yoxdu, inanmayın, yalandı. Necə ola bilər ki, 25 milyon büdcəsi olan qurum mətbuat üçün 15-20 min tapa bilməsin? AFFA-nın pulu yoxdusa, Çexiya və Şimali İrlandiyaya 10-larla əməkdaşını necə aparmışdı? Pul yoxdusa, Şimali İrlandiyaya gedən jurnalistlərin vizasının alınması üçün ödənilən adambaşı 300 (!) dollar nə idi, konfet kağızı?

Deməyin ki, pul yoxdu. Deyin ki, mətbuat üçün pul yoxdu!

Görünən odur ki, AFFA və bu qurumu maliyyələşdirən SOCAR idman mətbuatını vecinə almır. Kim əksini iddia edirsə, buyursun.

Kimsə bu yazdıqlarımızı oxuyub, “jurnalistləri xaricə aparmaq AFFA-nın borcu deyil” deyirsə, getsin başqa ölkələrin təcrübəsi ilə maraqlansın. Təkcə bir faktı deyək ki, hətta bu gün Rusiya kimi nəhəng ölkənin aparıcı mətbuat orqanları xaricə Rusiya Futbol İttifaqının hesabına yollanırlar. İdman mətbuatımızın hazırkı durumu göz önündədir. Bu gün hansısa qurumun əməkdaşını Antalyaya göndərməsi qeyri-mümkün görünür...
7-01-2017, 21:51
Geri qayıt