“Azərbaycanda maşın ucuzlaşıb, amma alan yoxdur”


“Avtomobil bazarında dinamika kəskin azalıb”.

Bunu modern.az saytına ekspert Ramil Osmanlı bildirib.

Ekspertin fikrincə, alqı-satqı əməliyyatlarının sayının azalması belə deməyə əsas verir: “Bu özünü həm də idxalda göstərir. Məsələn, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycana idxal edilən avtomobillərin sayında 40 faizə qədər azalma müşahidə olunur. Eyni zamanda, avtomobillərin qiymətləri də kəskin ucuzlaşıb. Xüsusilə ikinci əl nəqliyyat vasitələri üzrə qiymətlər ötən ilkinə nisbətən 25-30 faiz azalıb. Yeni avtomobillərin əksəriyyətində də kampaniya adı altında 5-15 faizə qədər ucuzlaşma qeydə alınıb”.

Ramil Osmanlı deyir ki, idxalın azalması məhz təkrar bazar avtomobilləri üzrə müşahidə olunmaqdadır: “Bildiyiniz kimi, təkrar bazarda Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin payı böyük idi. Avrostandartların tətbiqi, Mərkəzi Bankın qəbul etdiyi qərar və təlimatlar prosesi bir qədər də gərginləşdirib. Bu səbəbdən Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin göstəricilərində xeyli azalmalar var.

Bütün inzibati və iqtisadi qanunauyğunluqlar, alıcı sayının aşağı düşməsi, Rusiyadakı böhranla əlaqədar ölkəyə daxil olan vəsaitlərin azalması əhalinin alıcılıq qabiliyyətinə birbaşa təsir edir. Bundan əlavə, neft vəsaitlərinin həcmi ümumi iqtisadiyyata öz “töhvə”sini verir ki, bu da əhalinin pul gəlirlərinin azalmasına gətirib çıxarır”.

Onun fikrincə, ölkədə avrostandartların tətbiqinə ehtiyac var idi: “Deməzdim ki, avrostandartların tətbiqi ölkəmizdə özünü doğrultmur. Ümumiyyətlə, Azərbaycanda avtomobil parkının yenilənməsinə ehtiyac var. Avro-4 standartı ilə yanaşı, Mərkəzi Bankın müvafiq qərarları, həmçinin bir neçə inzibati amilin üst-üstə düşməsi nəticə etibarilə bazardakı ümumi dinamikaya təsirsiz ötüşmür. Hər bir halda ekoloji baxımdan ölkədəki vəziyyəti tənzimləmək, avtomobil parkının yenilənməsi və s. məsələləri nəzərə alsaq avro-4 standartının tətbiqinə ehtiyac vardı və bu, düzgün addım idi”.

Rasim Osmanlı daha çox müraciət edilən avtomobillər barədə də məlumat verib: “Təkrar avtomobil bazarı ilə müqayisədə, ilkin avtomobil bazarında əsas avtomobil satan bir neçə şirkət - Cənubi Koreyanın “Hundai”, “KİA”, Yaponiyanın “Toyota” və “Nissan” markalarının payı sürətlə artıb. Amma bütövlükdə ötənilki göstəricilərlə müqayisədə onların da satışı xeyli azalıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu