Tikintiyə icazə ilə bağlı- YENILIKLƏR


Bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq.

Fins.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə fevralın 12-də Qəbələdə keçirilən seminar-müşavirədə bildirilib. Ölkənin şimal-qərb bölgəsindən 10 şəhər və rayonun icra hakimiyyəti başçıları müavinlərinin, baş memar və hüquqşünasların iştirakı ilə keçirilən seminar-müşavirədə Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar yeni əlavə və dəyişikliklər, onların tətbiqi zamanı yerli icra hakimiyyətləri ilə FHN arasında əlaqələrin qurulması məsələləri müzakirə edilib.
Tədbirdə çıxış edən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin baş dövlət tikinti müfəttişliyinin sektor müdiri Kərim Ağayev tikintiyə icazənin verilməsi üzrə icraat, tikinti layihələrinin ekspertizası, tikinti işlərinin dayandırılması və obyektlərin sökülməsi, eləcə də Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan digər bölmələr üzrə əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verib.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri və hüquq şöbəsinin əməkdaşları iştirakçılara yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə prosedurları barədə də məlumat verilib. Qeyd olunub ki, bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq. Eyni zamanda bildirilib ki, tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yolları, neft obyektləri və yanacaqdoldurma məntəqələrindən uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks-təqdirdə bu tikintilər də qanunsuz hesab ediləcək və onlarla bağlı icazə sənədləri qüvvədən düşmüş sayılacaq.
Tədbirdə iştirak edən yerli icra orqanlar nümayəndələrinin yeni Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlərlə bağlı sualları cavablandırılıb. Müfəttişliyin əməkdaşları yeni sənədləşmə qaydaları ilə onları maraqlandıran məsələləri izah ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu