Gürcüstanda SOCAR-a qarşı gizli sövdələşmə?


Gürcüstanın energetika naziri Kaxa Kaladzenin bir neçə gün əvvəl Brüsseldə “Qazprom” rəhbəri Aleksey Millerlə görüşü çoxlu şübhələrə və suallara yol açıb.

Virtualaz.org saytı xəbər verir ki, bu görüş haqda məlumat Gürcüstan tərəfi yox, “Qazprom” yayıb.

Bildirilib ki, tərəflər Gürcüstana Rusiya qazının satışı məsələlərini müzakirə ediblər. Daha sonra Kaladze görüşün olduğunu təsdiqləyib, bunun “cari xarakter daşıdığını” vurğulayıb.

Gürcüstan Ermənistana nəql edilən Rusiya qazına görə tranzit haqqı olaraq “Qazprom”dan ildə təxminən 300 milyon kubmetr qaz alır və sentyabrın 30-da jurnalistlərə açıqlamasında Kaladze görüşün məhz bu məsələyə həsr edildiyini deyib.

Buna baxmayaraq Gürcüstanda şübhələnirlər ki, əslində görüş “Qazprom”la ikitərəfli alqı-satqı sövdələşməsinin müzakirəsi məqsədi daşıyırdı. Başqa sözlə, “Qazprom”un Gürcüstanın qazla təchizatında daha çox paya malik olmaq üçün danışıqlara başlaması istisna deyil.

Xatırladaq ki, Gürcüstanın qazla təchizatının əsas hissəsi Azərbaycanın payına düşür. Özü də SOCAR bu ölkəyə qazı güzəştli qiymətə satır. Gürcüstan milli statistika agentliyi Geostat-ın məlumatına əsasən 2014-cü ildə Gürcüstan “Şahdəniz-1” yatağından min kubmetri 55 dollardan olmaqla 250 milyon kubmetr, “Şahdəniz-2” yatağından isə min kubmetri 64 dollardan olmaqla 500 milyon kubmetr qaz alıb.

Bundan əlavə 2008-ci ildə bağlanmış müqaviləyə əsasən Gürcüstan Azərbaycandan güzəştli qiymətə daha 500 milyon kubmetr qaz alır.

Əhali üçün nəzərdə tutulan bu qazın min kubmetrinə görə Gürcüstan 189 dollar ödəyir. Həmçinin 2014-cü ildə Gürcüstandan Azərbaycandan kommersiya qiymətinə (min kubmetri 240 dollardan) 400 milyon kubmetr qaz alıb.

Beləliklə, Azərbaycanın Gürcüstana satdığı qazın min kubmetrinin orta qiyməti cəmi 131.25 dollar təşkil edib. (Azərbaycan əhalisinə qazın min kubmetri 100 manatdan satılır)

Azərbaycan qazının Gürcüstana bu cür aşağı qiymətə satılması şübhəsiz ki, Bakının siyasi maraqları ilə bağlıdır. Eyni zamanda Gürcüstan tranzit ölkə statusundan istifadə edərək mümkün qədər güzəşt qoparmağa nail olub.

“Qazprom” isə Gürcüstana satdığı qazın min kubmetrinə görə cəmi 110 dollar alır. Bu, Rusiyanın Ermənistana satdığı qaza görə müəyyən etdiyi güzəştli qiymətdən də (165 dollar) aşağıdır.

O zaman Gürcüstanın Azərbaycandan kifayət qədər ucuz qaz almasına baxmayaraq “Qazprom”u bazara buraxmaqda nə marağı ola bilər? Axı söhbət Ermənistana qaz nəqlinə görə tranzit haqqı kimi verilən qazdan getmirsə “Qazprom” Tiflisə kommersiya qiyməti təklif etməlidir.

Gürcüstan müxalifəti hesab edir ki, məsələnin arxasında Rusiyanın siyasi maraqları dayana bilər.

Müxalif Vahid Milli Hərəkat Partiyasının parlament fraksiyasının rəhbəri David Bakradze Kaladzenin Millerlə görüşünü şərh edərkən deyib ki, ictimaiyyətdən gizli baş tutan bu cür görüş haqda məlumatın “Qazprom”dan yayılması təsadüfi deyil. Bakradze Rusiyanın Gürcüstana qaz nəqlini artırmasının əleyhinə olduğunu deyib.

İslahatlar Assosiasiyasının rəhbəri Serqi Kapanadze isə deyir ki, hazırda Rusiyanın Gürcüstana iqtisadi təsir rıçaqları yoxdur. Ancaq qaz belə rıçaq ola bilər.

“Əgər Rusiya qazından asılılıq 15-20 faiz təşkil edərsə, bu, siyasi təzyiq alətinə çevriləcək”- deyə Kapanadze bildirib.

Xatırladaq ki, Rusiya Gücüstanın energetika bazarında birbaşa və dolayısı iştirakını genişləndirməyə çalışır. Bundan əvvəl Poti limanının səhmlərinin bir hissəsi də Rusiya şirkətinə satılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu