2015 ən çətin illərdəndir-Elman Rüstəmov


Azərbaycan manatın dollardan asılılığından imtina etməyi planlaşdırır, halbuki neftin qiymətlərinin düşməsi ölkənin ixracyönümlü iqtisadiyyatına təsir göstərir.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov "Financial Times"-a müsahibəsində deyib.

E.Rüstəmov deyib: "Fiskal və monetar siyasətə bəzi düzəlişlər edilməsi çox vacibdir. Hesab edirik ki, mübadilə kursunun daha çevik rejiminə keçməliyik və biz tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik".

E.Rüstəmov bildirib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq.

AMB rəhbəri deyib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Burada avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək".

E. Rüstəmov onu da qeyd edib ki, 2015-ci il ən çətin illərdən biridir: "Bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır".

Sədr bildirib ki, cari ilin əvvəlindən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması məqsədilə 1 mlrd. dollar həcmində vəsait xərcləyib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti bu gündən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Mərkəzi Bankdan Trend-ə bildiriblər ki, məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcəkdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu