Dünya tarixində ən bahalı korporasiya


Yeni məhsulların buraxılması ilə bağlı yayılan şayiələr və gözləntilər dalğasında "Apple" şirkəti növbəti maliyyə rekorduna imza atıb. ANS PRESS-in Azərbaycan Respublikası Rabitə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən gün keçirilən hərracların nəticələrinə əsasən, ABŞ korporasiyasının səhmlərinin dəyəri bir ədəd üçün 650 dollara çatıb. "Apple"ın kapitallaşması 623,5 milyard dollar təşkil edib ki, bu da tarixdə bütün şirkətlər arasında mütləq rəqəmlərdə rekord göstərici hesab edilir.

Əvvəlki rekord nəticə 1999-cu ildə dəyəri 620,6 milyard dollar təşkil edən "Microsoft" korporasiyasına məxsus olub. Bir daha qeyd etmək lazımdır ki, söhbət mütləq göstəricilərdən gedir. İnflyasiya nəzərə alınmaqla həcmə diqqət yetirsək, 13 il əvvəl "Microsoft"un indiki qiymətlərdə dəyəri 853 milyard dollar təşkil edib. Bu baxımdan rekordçu IBM korporasiyası olaraq qalır. 1967-ci ildə bu korporasiyanın dəyəri 192,4 milyard dollar olub ki, bu da inflyasiya nəzərə alınmaqla indiki 1,3 trilyon dollara bərabərdir.

Bundan əvvəl bəzi analitiklər "Apple"ın 2014-cü ilə dünyada dəyəri 1 trilyon dollar təşkil edən ilk şirkət olacağını güman edirdilər. Bəzi iqtisadçılar isə bütün şirkətlərin iqtisadi inkişafının dövri xarakter daşımasına işarə etməklə əmindirlər ki, "Apple"ın sürətli artımı tezliklə bitəcək. Onlar misal kimi 1999-cü ilin ən bahalı "Microsoft", "General Electric" və "Cisco" şirkətlərini göstərirlər. 13 il ərzində sözügedən şirkətlərin kapitallaşması inflyasiya nəzərə alınmadan müvafiq olaraq 57, 56 və 72 faiz azalıb.

Qeyd edək ki, 2007-ci ilin yazında ilk iPhone modelinin işıq üzü görməsi günündə "Apple"ın bir səhminin dəyəri az qala 121 dolları ötürdü. 2011-ci ilin oktyabrında, Stiv Cobsun vəfatı gününə şirkətin bir səhminin dəyəri 376 dollar olub. Bir ildən də az müddət ərzində ABŞ istehsalçısının kapitallaşması təxminən iki dəfə artıb və bugünkü müvafiq göstərici 650 dolları ötür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu