Dövlət Büdcəsindən böyük Neft Fondu


Rövşən Ağayev, iqtisatçı ekspert

Nəhayət 2015-c il Neft Fondunun büdcəsi təsdiqləndi. Fondun gəlirləri 10 milyard 246.6 milyon manat, xərcləri isə 11 milyard 813.9 milyon manat təsdiqlənib. Sənədlə bağlı bir neçə məqam diqqəti çəkir.


Əvvəla, hökumət Fondun büdcəsinin gəlirlərini hesablayarkən xam neftin qiymətini 90 dollardan götürüb. Gəlirlərin 9 milyard 741.1 milyon manatı neft-qaz müavilələrdən Azərbaycan hökumətinə düşən mənfəət təşkil etməlidi. Lakin qiymətləndirmələr göstərir ki, neft-qaz hasilatının indiki səviyyəsi qaldığı tədqirdə, neftin orta illik qiyməti 50-55 dollar intervalında dəyişsə, Fondun gəlirləri 5.5-6 milyard manat, 70 dollar ərafında olsa 7.5- 8 milyard manat ətrafında olacaq. Belə görünür ki, hökumət qiymətin aşağı olması riskini nəzərə almayıb. Ola bilsin, neftin bahalacağına ümidlər qalır. Ya da ilin 2-ci yarısında bu məsələyə baxmağı planlaşdırırlar. O da bilər ki, hökumət cari gəlirlər nə qədər az olursa-olsun, daxil olmayan məbləğin hamısını ehtiyatlardan da olsa götürüb, 2015-c ilin büdcəsini istənilən halda tam icra etməyi düşünür.

İkincisi, Fondun büdcəsi 1 milyard 567.3 milyon manat kəsirlə təsdqilənib. Lakin büdcənin təsdiqi haqda fərmanda nə bu məbləğ kəsir kimi göstərilir, nə də onun hansı mənbə və maliyyə aləti vasitəsilə qapadılacağı göstərilmir. Bundan əlavə, qüvvədə olan qanunvericilikdə də Fondun büdcəsində kəsirin yaranmasının mümkünlüyü, kəsirin tənzimlənməsi mexanizmlər ümumiyyətlə yoxdu. Məsələn, Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarının 5.1.6-cı maddəsində qeyd edilir ki, Fondun büdcəsinin icrası zamanı proqnozdan artıq gəlir əldə edildikdə, yaxud xərclərin ixtisarı ilə bağlı gəlir artıqlığı yarandıqda əlavə büdcədə yaranan profisit ehtiyat aktivlərə (investisiya portfelinə) yönəldilir. Amma nə Fondun Əsasnaməsi, nə də bu Qaydalar xərclərin gəlirləri üstələdiyi vəziyyətə hüquqi aydınlıq gətirmir. Ümumiyyətlə yarandığı dövrdən indiyədək Fondun büdcəsində heç vaxt kəsir olmayıb.
Fondun 2015-c il büdcəsindən dövlət büdcəsinə ayrılacaq 10 milyard 388 milyon manat nəzərə alınmazsa, yerdə qalan ən böyük xərc maddələri aşağıdakılardı:

1) Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 997 milyon manat ayrılacaq. Məlumat üçün deyim ki, bu layihələrə 2015-ci il dövlət büdcəsindən də 650 milyon manat ayrılıb. Yəni Cənub Qaz Layihlərinə 2015-c ildə icmal büdcədən 1 milyard 643 milyon manat xərclənəcək;
2) Bakı-Tbilisi-Qars dəmir yoluna 111.5 milyon manat ayrılacaq. 2007-2014-cü illərdə 499.4 milyon manat artıq xərclənib.
3) Qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması ilə bağlı xərclərə 150 milyon manat ayrılacaq. 2002-2014-cü illərdə həmin məqsədə 1 milyad 756.8 milyon manat ayrılıb. Son 4 ildə ilk dəfədir ki, bu xərclər iki dəfəyədək azaldılır
4) Samur-Abşeron kanalının yenidən qurulmasına 90 milyon manat sərf olunacaq. 2006-2014-cü illərdə bu layihəyə 1 milyard 150 milyon manat artıq xərclənib;
5) Xaricdə təhsilə 44.1 milyon manat ayrılır. 2008-2014-cü illərdə bu layihəyə 121.4 milyon manat artıq xərclənib;

Ən maraqlı olan budur ki, Dövlət Neft Fondu hökumətin əsas maliyyə fondu olan büdcədən daha böyükdü. 2015-ci ilin dövlət büdcəsinə Fondun transfertlər nəzərə alınmasa, gəlirlər baxımından dövlət büdcəsi Dövlət Neft Fondundan 1.1 milyard manat (11%) azdı. 2014-cü ildə hökumət ölkəni ayrı-ayrılıqda hər birinin məbləği 10 milyard manat olan və paralel istifadə elədiyi 2 maliyyə fondu vasitəsilə rahatlıqla idarə elədi. Görək 2015-c ildə bu fondları belə rahatlıqla xərcləmək mümkün olacaqmı?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu