Hesablama Palatasının hesabatları ilə niyə hesablaşan yoxdur?


Son günlər Hesablama Palatasının ölkədə bir çox idarəetmə strukturlarında, icra hakimiyyətlərində araşdırma aparması və ortaya bir çox neqativ faktlar çıxarması haqqında məlumatlar yayılır. Təsadüfi deyil ki, bu qurum vaxtaşırı olaraq hesabat yayır və büdcədən ayrılan vəsaitlərin dövlət qurumları tərəfindən necə xərclənməsi ilə bağlı məlumat verir. Lakin diqqət çəkən məqamlardan biri də bu qurumun heç bir təsir mexanizminin olmamasıdır.

Hər il Hesablama Palatasının korrupsiya, büdcədən yayınma ilə bağlı məlumatları açıqlanır. Lakin bu barədə heç bir tədbir görülmür. İcra başçılarının qanunsuz əməlləri açıqlansa da, nə Hesablama Palatası buna təsir edir, nə də digər dövlət qurumları, hüquq-mühafizə orqanları araşdırmalara başlayır. Sadəcə məlumatların ictimaiyyətə təqdim edilməsi ilə proses yekunlaşır.

İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirdi ki, Hesablama Palatasının təsir imkanları onun reputasiyası ilə bağlıdır: “Hesablama Palatasının reputasiyası kiçikdir. Bu qurum sadəcə çalışır ki, problemləri müəyyənləşdirsin, bu barədə ictimaiyyəti məlumatlandırsın. Təbii ki, bu da olduqca vacib məqamdır. Söhbət Hesablama Palatasının funksiyalarının möhkəmləndirilməsindən gedir. Bu qurumun əhəmiyyəti çox böyükdür. Hətta Konstitusiyada belə Hesablama Palatasının səlahiyyətləri əks etdirilib. Azərbaycanda da Hesablama Palatasının funksiyalarının genişləndirilməsinə ehtiyac var. Hesablama Palatası faktları aşkarlayır, ictimaiyyətə təqdim edir, hesabatlar hazırlayır. Lakin elan olunan faktların izlənməsi, bu faktlara uyğun olaraq problemlərin aradan qaldırılması istiqamətində addımlar atılmır. Bu problemin aradan qaldırılmasına, palatanın səlahiyyətlərinin artırılmasına ehtiyac var”.

Ekspert onu da qeyd etdi ki, aşkarlanan faktlarla bağlı sonradan hansı tədbirlərin görüldüyünə dair monitorinqlərin keçirilməsinə ehtiyac var: “Hesablama Palatasının işi prosesin başlanğıcıdır. Digər dövlət qurumları imkan verməlidir ki, Hesablama Palatası müəyyənləşdirdiyi faktlar daxilində araşdırmalar aparsın və hesabatda əks olunan məqamlarda dövlət vəsaitinin yayındırılması və təyinatı üzrə xərclənmədiyini müəyyənləşdirsin. Bu baxımdan Palataya monitorinq imkanı verilməlidir və səlahiyyət verilməlidir ki, hər il öncəki ildə verdiyi hesabatın nəticələrini yoxlaya bilsin. Əsas məqsəd tapılmış problemin aradan qaldırılması olmalıdır”.

V.Bayramovun fikrincə, Hesablama Palatası müstəqil olmalıdır və sərbəst şəkildə proseslərə müdaxilə etməlidir, müstəqil şəkildə qərar qəbul etməlidir: “Bu, çox vacibdir. Palata həmçinin ictimaiyyət üçün açıq olmalıdır, təkcə hesabat zamanı deyil, ayrı-ayrı faktlarla bağlı ictimaiyyəti məlumatlandırmalıdır. Hesablama Palatası daim cəmiyyətlə işləməlidir. Belə olarsa, ictimaiyyətin diqqətini cəlb edən problemlər daha qısa zamanda həllini tapmış olar”.

Ekspertin sözlərinə görə, bütün ölkələrdə bu cür qurumlar var və inkişaf etmiş ölkələrə Hesablama Palatası ən təsirli qurum hesab olunur: “Çünki, Hesablama Palatası birbaşa dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edir, korrupsiya faktlarının olub-olmadığını müəyyənləşdirir. Ona görə də, xaricdəki oxşar praktikanın Azərbaycanda da həyata keçirilməsinə ehtiyac var. Büdcədən ayrılan vəsaitlərin haraya və necə xərclənməsini müəyyənləşdirən məhz Hesablama Palatasıdır. Bu səbəbdən də dünyanın hər bir ölkəsində belə qurumun səlahiyyətləri böyükdür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu