Albaniya Prezidenti: "TAP-ın vaxtında həyata keçiriləcəyinə inanıram"


Azərbaycan qazını Yunanıstan-Türkiyə sərhəddindən başlayaraq Albaniyadan keçməklə İtaliyanın cənubuna nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) Tirananı Avropanın enerji bağı kimi mövqeləndirməsi üçün böyük imkandır.


"Report" "IntelliNews"a istinadən xəbər verir ki, bunu Albaniya Prezidenti Bucar Nişani (Bujar Nishani) bildirib.
O qeyd edib ki, bu layihə həm də Albaniyanın hazırda kömür və hidroelektrik enerjisindən asılı olan enerji təminatı imkanlarını stabilləşdirəcək.
"Mən TAP-ın hazırda borular daşınan inşaat ərazisinə baş çəkmişəm. Layihəyə cəlb olunmuş yüksək standartlı mühəndislik işləri məni təsirləndirib. TAP-ın vaxtında həyata keçiriləcəyi barədə nikbin düşünürəm", - deyə Albaniya Prezidenti əlavə edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik Dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək.Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (820 m) dənizin dibində olacaq.
İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.
Hazırda TAP kəmərinin tikintisinə hazırlıq işləri aparılır. Bu ilin may ayında Salonikidə (Yunanıstan) TAP-ın təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu