"Milli iqtisadiyyatın yol xəritəsi yaradılır"- Vüsal Qasımlı


Bu gün Bakı Biznes Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"nin başlıca istiqamətləri çərçivəsində "Sənayeləşmə və innovativ inkişaf" mövzusunda ictimai müzakirə keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan hazırda sənaye inqilablaşmasının yeni dövrünə qədəm qoyur. Onun sözlərinə görə, bu gün ümumilikdə Azərbaycanda milli iqtisadiyyatın yol xəritəsi yaradılır:

"Azərbaycan yeganə ölkədir ki, okeana çıxışı olmadığı halda transkontinental xaba çevrilib. Kənd təsərrüfatı o zaman rəqabətə davamlı olacaq ki, onun lokomotivi sənaye olsun. İqtisadiyyatın inkişafı üçün əmək məhsulu, kadr hazırlığı sənaye sahəsinin əsas drayveri olmalıdır. Stateji yol xəritəsinin hazırlanmasında birinci mərhələ başa çatıb".

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında bidlirib ki, bu ildən Azərbaycanın xaricə ixrac etdiyi qeyri-neft sektoru məhsullarının çeşidi 28% artıb. Onun sözlərinə görə, gələcəkdə də qeyri-neft sektorunda istehsal edilən məhsulların ixracında artım gözlənilir:

"Azərbaycanda qeyri-neft sənayesində inkişaf göstəriciləri müsbətdir. Neçə ildir ki, bu sahə inkişaf edir. Qeyri-neft sektorunun ixracının artımını biz gələcəkdə də gözləyirik. Bundan əlavə, bizim sənayemiz istehlak olunan malların da daxildə istehsalına yönəlib ki, bu da Azərbaycana valyuta qənaəti imkanı yaradacaq və idxaldan asılılıq bir qədər də azaldacaq. Artıq biz idxal məhsullarının çeşidlərinə baxarkən Azərbaycan sənayesinin, xüsusilə də qida sənayesinin inkişafını görürük".

Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov isə qeyd edib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin hazırlanması məqsədilə 8 əsas sektor, 3 köməkçi sektor olmaqla ümumilikdə 11 sektor üzrə beynəlxalq təcrübə öyrənilib: “Biz strateji yol xəritəsinin hazırlanması ilə bağlı ikinci mərhələyə qədəm qoymuşuq. İkinci mərhələdə beynəlxalq təcrübədən qaynaqlanaraq 11 sektor üzrə Azərbaycanda görülməli olan layihələr ilə bağlı tədbirlər planı hazırlanacaq. Strateji yol xəritəsində sənayenin inkişafına xüsusi diqqət verilib. Sənayenin 3 istiqaməti üzrə yəni, neft-qaz, kimya sənayesinin, ağır maşınqayırma sektorunun, eləcə də kiçik və orta sahibkarlığın inkişaf istiqamətində sənayenin inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulub”.

Çıxışlar zamanı iqtisadi diversifikasiyanın məqsədinin yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ÜDM-in, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyinin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi olduğu qeyd edilmiş, elmtutumlu sahələrin artırılması ilə milli iqtisadiyyatın yeni mərhələyə keçdiyi, innovativ inkişafa qədəm qoyduğu bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu