"Məmurlar əl-ayağa düşüblər"- millət vəkili


Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında məmurlara sərt xəbərdarlıq edib. Ölkə başçısı çıxışında bəzi məmurların qanunsuz olaraq torpaq sahələrini zəbt etdiyini bildirib.

“Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər”-deyə prezident vurğulayıb.

Ölkə başçısının qaldırdığı məsələ ilə bağlı Azvision.az-a danışan millət vəkili Vahid Əhmədov bildirib ki, torpaqların zəbt edilməsi çox ciddi məsələdir və bu problem tezliklə öz həllini tapmalıdır.

“500 min hektarlarla torpağı nə əkirlər, nə becərilrər. Alıb özləri üçün saxlayırlar. Bu torpaqlardan nə özləri, nə başqası, nə də dövlət istifadə edə bilir. Biz Milli Məclisdə qərar qəbul etdik ki, yararlı torpaq əkilib, becərilmirsə, onlara görə cərimələr ödənilməlidir. Bu qərardan sonra məmurlar və digərləri əl-ayağa düşüblər ki, əllərindəki torpaqları satsınlar. Amma indi torpaq alan yoxdur. Ona görə bu torpaqlar ya əkilib becərilməlidir, ya da dövlətə qaytarılmalıdır ki, dövlətin özü bu torpaqlardan istifadə edə bilsin.

Prezident çox düzgün olaraq bu məsələyə toxundu. Mənə elə gəlir ki, bu məsələ öz həllini tapacaq. Çünki, Azərbaycanda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır. Bu sahənin inkişaf etdirilməsi üçün torpağa ehtiyac var. Biz özümüzü ərzaqla təmin etmək istəyiriksə, kənd təsərrüfatına yararlı torpaqlarını hamısından istifadə etməliyik. Bu baxımdan prezident tərəfindən qaldırılan məsələ çox ciddidir və inanıram ki, tezliklə həllini tapacaq”.

V.Əhmədov hesab edir ki, neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyatımıza təsirindən sonra bu problem özünü daha qabarıq şəkildə büruzə verir: “Kənd təsərrüfatına diqqət artırılıb. Kənd təsərrüfatının inkişafı isə birbaşa torpaqla bağlıdır. Torpaq sahələri az olduğu üçün bu problem üzə çıxdı. Bundan sonra həmin torpaqlar ya istifadə olunacaq, ya da dövlət mülkiyyətinə keçəcək”.

Millət vəkili deyib ki, prezident İlham Əliyevin də vurğuladığı kimi torpağı hasarlayıb zəbt edənlər arasında məmurlar və digər nüfuzlu şəxslər çoxluq təşkil edir: “Ölkə başçısı çıxışında bildirdi ki, onda torpağı hasarlayıb zəbt edən məmurların konkret siyahısı var. Yəqin ki, bununla bağlı qərarlar qəbul ediləcək. Ötən gün prezident tərəfindən qaldırlan məsələ məmurlara xəbərdarlıq idi ki, gedin, ya torpağı istifadə edin, ya da dövlətə geri qaytarın. Hesab edirəm ki, bu xərdarlıqdan sonra bir daha bu məsələyə qayıdılacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu