Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı rəsmi açıqlama


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi ilə bağlı danışıqlara dair açıqlama yayıb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, qurumun mətbuat katibi Hikmət Hacıyevin adından yayılan açıqlamada xatırladılıb ki, bir sıra kütləvi informasiya vasitələrində xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin müsahibəsinə istinadən “Azərbaycan Ümumdünya Ticarət Təşkilatından (ÜTT) 1 milyard ABŞ dolları istəyib” başlıqlı məqalələr yerləşdirilib.

"Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun artımı və ərzaq təhlükəsizliyinin təmin olunmasında, o cümlədən ixracının təşviqi və strukturunun təkmilləşdirilməsində kənd təsərrüfatı sektoru mühüm rola malikdir və bu xüsusda, Azərbaycan Hökuməti tərəfindən sözügedən sahənin subsidiyalar ayrılmaqla dəstəklənməsi davam etdirilməkdədir.

Hazırda Azərbaycan ÜTT-yə üzv olması prosesi kontekstində kənd təsərrüfatına daxili dəstək üzrə bir sıra danışıqçı ölkələrlə (aparıcı kənd təsərrüfatı istehsalıçıları və yaxud ixracatçıları) çoxtərəfli danışıqlar aparır.

Bu müstəvidə, ÜTT-yə üzvlük müddətindən etibarən kənd təsərrüfatına 1 milyard ABŞ dolları, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları qaytarıldıqdan sonra müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə 1 milyard ABŞ dolları məbləğində əlavə daxili dəstəyin göstərilməsi mümkünlüyünə nail olunması aparılan danışıqların predmetini təşkil edir.

Kənd təsərrüfatı sektoruna subsidiyaların ödənilməsi məqsədilə ÜTT tərəfindən bu təşkilatın üzvlərinə yaxud müşahidəçilərə maliyyə vəsaiti ayrılmır.

Kənd təsərrüfatı üzrə aparılan danışıqların uğurla nəticələnəcəyi təqdirdə, məhz Azərbaycan Hökuməti tərəfindən adıçəkilən sahənin dəstəklənməsinə məcmu olaraq 2 milyard ABŞ dolları məbləğində daxili yardımın göstərilməsi imkanı əldə olunacaq", - H.Hacıyev vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu