Turizmin inkişafında yeni mərhələ başlayır


Xəbər verdiyimiz kimi, ötən həftə prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı mühüm sərəncama imza atıb.

Sərəncamın imzalanmasında məqsəd “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrası, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsidir.

Ölkə başçısının sərəncamına əsasən Azərbaycanda Turizm Şurası yaradılacaq. Şuranın əsas məqsədi turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qruplar yarada bilər.

Bunlarla yanaşı ölkə başçısı Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabr ayının 27-si ölkəmizdə “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.

Ümumilikdə son illər ölkəmizdə turizmin inkişafı üçün mühüm addımlar atılır. Həmçinin, “Turizm haqqında” qanunun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Turizm eksperti Ruslan Quliyev hesab edir ki, ölkə başçısının turizmin inkişafı ilə bağlı sərəncamı ölkəmizdə bu sahənin inkişafına təkan verəcək.

"Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi sevindirici haldır. Bundan öncə vizaların sadələşdirilməsi, aviadaşıyıcılar sahəsində müəyyən addımların atılması, milli iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yol xəritəsinin hazırlanması və digər məsələlər bir-birinə bağlıdır. Son dövrlər viza sadələşdirilməsindən sonra turist axınının artması özünü göstərir. Ötən dövrlərlə müqayisə etsək, ölkəmizə turist sayının kəskin artdığını görmək olar. Növbəti illərdə də turistlərin sayının artacağı gözlənilir. Prezidentin imzaladığı sərəncam, atdığı mühüm addımlar növbəti illərdə turizm sahəsinin sürətli inkişafına gətirib çıxaracaq”.

R.Quliyev turist axınına baxmayaraq, bu sahədə müəyyən problemlərin olduğunu söyləyib: “Hal-hazırda mehmanxana və yataq sayının həcmi kütləvi turizmə hazır deyil. Bu baxımdan Bakı, Abşeron, digər rayon və şəhərlərdə daha çox yataq saylarını əldə etmək üçün mehmanxana və ona bərabər tutulan obyektlərin sayının artırılmasına ehtiyac var. Həmin obyektlərin güzəştli şəkildə tikilməsinə imkan yaradılsa, yaxşı olar. Hazırda turizmin inkişaf etdirilməsi üçün bir çox işlər görülür. Ümumilikdə isə bütün atılan addımlar yaxın 10 il ərzində bizim turizm inkişafımızı müəyyən edəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu