Azərbaycanda ötən il 65 min unsiya qızıl hasil olunub



Azərbaycan qızılı il ərzində orta hesabla 1 253 dollar/unsiyaya satılıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2016-cı ildə “Gədəbəy” yatağından 65 394 unsiya qızıl hasil edib. “Report” xəbər verir ki, bu barədə Şirkət rəsmi saytında məlumat yayıb.

Bu isə 2015-ci ildəki (72 032 unsiya) hasilatdan 9% azdır.
Hesabat ilində yataqdan mis hasilatı 1 941 ton təşkil edib ki, bu da 2015-ci ildən 2 dəfə çox olub.

Ötən il 165 131 unsiya gümüş hasil edilib. Bu isə əvvəlki ildəki hasilatdan 5,8 dəfə artıqdır.
Yataqdan ötən ilin IV rübündə hasil olunan qızılın həcmi 15 483 unsiya təşkil edib. Bu dövrdə yataqdan 578 ton mis və 50 216 unsiya gümüş hasil olunub.

Ötən ilin IV rübündə 12 995 unsiya qızıl külçəsi hər unsiya üçün orta hesabla 1 227 dollara, il ərzində isə 53 366 unsiya qızıl külçəsi hər unsiya üçün orta hesabla 1 253 dollara satılıb.
Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. (report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu