"Azərsun" jurnalistləri Qafqaz Konserv Zavoduna apardı- FOTOLAR





“Azərsun Holdinq” tərəfindən “Qafqaz” Konserv Zavoduna media tur təşkil olunub.



AFN xəbər verir ki, Son günlərdə mətbuatda mənşəyi məlum olmayan ətlərdən konserv məhsullarının hazırlanması barədə yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə təşkil olunmuş turda mətbuat nümayəndələri vasitəsi ilə ictimaiyyətə doğru məlumatların çatdırılması üçün şirkət, istehsal müəssisəsinin qapılarını jurnalistlərin üzünə açıb. KİV nümayəndələri istehsal müəssisəsinin bütün bölmələrində keyfiyyətə nəzarətlə maraqlana, istehsalı əyani surətdə müşahidə edə biliblər.
“Qafqaz” Konserv Zavodunu ziyarət edən media mənsublarını məlumatlandıran “Azərsun Holdinq”in rəsmisi Afiq Səfərov şirkətin fəaliyyət göstərdiyi 25 il ərzində heç bir məhsulda ərzaq təhlükəsizliyi və gigiyena baxımından problemin yaşanmadığını bildirib. O, bunun keyfiyyətə nəzarət sisteminin hesabına təmin edildiyini qeyd edib. A.Səfərov bildirib ki, bu müəssisədə məhsulun keyfiyyətinə nəzarət “Qafqaz” konserv zavodu ilə paralel, Mərkəzi Ofisdə yerləşən prosesə və keyfiyyətə nəzarət direktorluğu tərəfindən həyata keçirilir: “Burada prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun nümayəndələri zavod rəhbərliyinə tabe deyil. Onlar birbaşa mərkəzi direktorluğa tabedir. Bu direktorluq nə qədər qüsur tutarsa, bir o qədər gəlirləri artır. Sırf bu cür idarəetmənin nəticəsində maraqların toqquşması keyfiyyət amilini meydana çıxarır. Məhsulun keyfiyyəti bir nömrəli prioritetdir. Prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun anbara daxil olmasına icazə verdiyi məhsulda sonradan karantin dövründə problem çıxarsa, bu dəfə onlar məsuliyyət daşıyırlar. Bax bu cür, dəfələrlə yoxlama sistemi nəticəsində keyfiyyət amili tam şəkildə əhatə oluna bilir”.

Ölkə daxilində ət istehsalı potensialı aşağı olduğundan yerli tədarükçülərdən ət qəbul olunmur.

Ət konservlərinin hazırlanması barədə ətraflı məlumat verən A. Səfərov, “Qafqaz” konserv zavodunun son 8 ildə yerli istehsalçılardan ət qəbul etmədiyini bildirib. O, ölkədə mal əti ehtiyatının o qədər də böyük olmadığını və hər ay daxili bazardan əlli ton ətin qəbul olunacağı halda, ölkədə ətin qiymətinin sürətlə qalxacağını söyləyib. Məhz buna görə də, yalnız xarici bazarlardan və yalnız halal sertifikatlı məhsullar qəbul olunur. Jurnalistlərə bildirilib ki, konserv məhsulları yalnız xaricdən gətirilən və “Azərsun”a məxsus fermalarda bəslənən mal-qaranın ətindən hazırlanır. Buna görə, sözügedən məsələ ilə bağlı, "Azərsun Holdinq" hər hansı iradı qəbul etmir.

Zavod və hazırlanan məhsullar haqda məlumat verildikdən sonra gigiyenik qaydalara riayət edilərək jurnalistlər ətlərin saxlanıldığı soyuducu depolara dəvət olunublar. Burada jurnalistlərin suallarını “Qafqaz” konserv zavodunun proses və keyfiyyətə nəzarət üzrə baş inspektoru Anar Qədirov cavablandırıb və konserv məhsullarının istehsalı zamanı istifadə olunan ətin zavoda dondurulmuş şəkildə xaricdən gəldiyini qeyd edib: “Həmin ət burada soyuq depolarda saxlanılır və müasir avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanılır. İstehsal zamanı həmin depolardakı əti mərhələlərdən keçirərək qablaşdırıb mal əti konservinin istehsalını həyata keçiririk. Xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhlələrdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Hansısa mərhədə problem yaranarsa istehsalı dayandırırıq. 4 otaqlı laboratoriyada həm fiziki, həm kimyəvi mikrobioloji analizlər aparılır. zavoda daxil olan xammaldan nümunə götürülür və laboratoriyada analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır.“

Zavodda istehsal olunan bütün ətlər halaldır. Jurnalistlərə anbarlarda saxlanan ətlərin keyfiyyət və halallıq sertifikatları nümayiş olunub. Laboratoriyanın müasir avadanlıqlarla təchiz edildiyini bildirən Anar Qədirov KİV nümayəndələrinə istehsal müəssisəsinin 2005-ci ildən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistemi, 2008-ci ildən ISO 22000 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi və 2013-cü ildən BRC Beynəlxalq sertifikatlarına malik olduğunu söyləyib.

Media tur çərçivəsində jurnalistlər istehsal prosesi ilə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesini izləyib, müasir texnoloji avadanlıqlar, laborotoriya ilə yaxından tanış oldular.

Xatırladaq ki, bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) aidiyyəti qurumlarla birlikdə keçirdiyi yoxlama zamanı 500 kq keyfiyyətsiz ət məhsulu aşkarlamışdı. Belə ki, Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilinə Xaçmaz rayonu ərazisində baxış keçirilərkən avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub. İlkin araşdırma zamanı Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirmişdi. Sözügedən media tur isə məlumatdan sonra gündəmə gələn söz-söhbətlərin əsassız olduğunu göstərmək məqsədilə təşkil edildi. Onlarla jurnalistin iştirak etdiyi tur zamanı nümayiş olunanlar zavodun məhsullarının təmizliyinə şübhə yeri qoymur. Ümid edirik ki, istehsal prosesi hər zaman göstərildiyi və deyildiyi kimi şəffaf, təmiz, keyfiyyətli aparılır.



















































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu