“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib




Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib.

AFN xəbər verir ki, konfransda müvafiq dövlət qurumları, ali təhsil və elmi tədqiqat müəssisələri, ətraf rayonları təmsil edən fermerlər, aqrar sahədə ixtisaslaşmış aparıcı yerli və xarici şirkətlər iştirak ediblər. Tədbirdə kənd təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasəti, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, ixracın düzgün formalaşdırılması və Azərbaycan kəndlilərinin istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara çıxarılması, rəqabət qabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı mallarının istehsalına dövlət dəstəyi məsələləri haqda çıxışlar dinlənilib.
Bildirilib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində mühüm nailiyyətlər əldə olunub, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. Belə ki, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerlərə dövlət tərəfindən dəstək verilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” aqrar sektorda istehsalın artırılması, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı problemlərin həllinə nail olunması, bu sahənin ixrac imkanlarının gücləndirilməsi üçün dövlət tərəfindən ciddi dəstək verilməsini nəzərdə tutur. Bu dəstəyin mühüm formalarından biri də respublikamızın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması prosesinin sürətləndirilməsidir.
Konfransda “Şəmkir Aqroparkı” ilə bağlı təqdimat nümayiş etdirilib. Sonra konfrans iştirakçıları təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan «Şəmkir Aqroparkı»nın Logistika Mərkəzində yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Şəmkir rayonunda yaradılan aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.
Mütəxəssislərin yekdil qənaətinə görə, regionlarda belə arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, proqressiv metodların geniş tətbiqində, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparkların yaradılması və inkişafı fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq.
“Şəmkir Aqroparkı” bu baxımdan Azərbaycanın qərb regionunun ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistik mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xaricdə yerləşən əsas istehlakçılara çatdırımasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu