Bu şirkətlər daha çox ödəməyə başlayıblar


Ötən il Azərbaycanın sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş ediblər. 2013-cü ildə isə bu nisbət 30,3 manat olub. Göründüyü kimi, son 1 ildə ödəniş-yığım nisbəti 6,3% bəndi artıb. Ayrı-ayrı şirkətlər üzrə vəziyyət isə fərqlidir.

20 şirkət ödəniş-yığım nisbətini artırıb

28 sığorta şirkətindən 20-si ödəniş-yığım nisbətini artırıb. Fins.az-ın məlumatına görə, ən ciddi artım fəaliyyəti dayandırılmış “Royal Sığorta” və lisenziyasının qüvvəsi dayandırılmış “Era-Trans” şirkətlərində olub. “Royal Sığorta”da ödəniş yığım nisbəti 2013-cü ildəki 3,57%-dən 2014-cü ildə 370%-ə, Era-Trans”da isə 51%-dən 270%-ə qalxıb. “Royal Sığorta”da bu artımın səbəbi yığımların az olması, «Era Trans»da isə 1 milyon dollarlıq mübahisəli ödəmə ilə bağlıdır.

Ötən il 5 milyon manata yaxın ödəniş etməsi “Azərbaycan Sənaye Sığorta” şirkətinin gösəricilərinə təsirsiz ötüşməyib. NƏticədə əgər 2013-cü ildə zərərlilik göstəricisi 19% idisə, 2014-cü ildə bu göstərici 74%-ə qədər artıb.
“Atəşgah Həyat” sığorta şirkətində isə həyatın yaşam sığortası üzrə ödənişlərə başlanması şirkətin ödəniş-yığım nisbətini 2013-cü ildəki 11%-dən 64%-ə çatdırıb. Digər iki həyat sığortası şirkətində - “Qala Həyat” və “PAŞA Həyat”da isə isə zərərlilik elə də çox artmayıb – 3%-dən 6-7%-ə qədər.

Avtokreditlərdən əziyyət çəkənlər

Şirkətlərin əskəriyyətində zərərliliyin kəskin artması avtomobil kreditlərinin azalması ilə bağlıdır. Bu ən çox kasko sığortası üzrə ixtisaslaşan və partnyor bankı olan şirkətlərə aiddir. Belə ki, əgər “Buta Sığorta” 2013-cü ildə topladığı sığorta haqlarının 31%-ni ödəyirdisə, 2014-cü ildə bu rəqəm 61%-ə yüksəlib. “AXA MBASK”da isə bu göstərici 48%-dən 61%-ə artıb. «Günay Sığorta»da zərərlilik 22%-dən 44%-ə, “Atasığorta” 23%-dən 43%-ə, “Alfa Sığorta” 23%-dən 42%-ə yüksəlib.

Bu məsələdə “Bakı Sığorta” ilə bağlı vəziyyəti xüsusi qeyd etməyinə dəyər. Bu şirkətin ödəniş yığım nisbəti əvvəllər də yüksək idi – 2013-cü ilin nəticələrinə görə, şirkət topladığı hər 100 manat sığorta haqqı müqabilində 61 manat ödəniş etmişdi. 2014-cü ildə isə bu göstərici daha da yüksələrək 68%-ə çatıb. Bunun əsas səbəbi də qeyd edildiyi kimi avtomobil kreditlərinin kəskin azalması və yığımların aşağı düşməsidir.
2014-cü ildə “PAŞA Sığorta”, “Başak İnam”, “Atəşgah Sığorta”, “Qarant Sığorta”, “Xalq Sığorta”, “Rəvan Sığorta”, “Azsığorta”, “İpək Yolu” sığorta şirkətlərində də ödəniş-yığım nisbəti artıb.

8 şirkətin zərərliyi azalıb

2014-cü ildə 8 sığorta şirkətinin ödəniş-yığım nisbəti aşağı düşüb. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış “A-Qroup”da isə zərərlilik 61%-dən 59%-ə düşüb. Zərərliliyi aşağı düşmüş sığorta şirkətlərindən 2-si – “Standard İnsurance” və “Amrah Sığorta” isə əsasən kasko sığortası ilə məşğul olan şirkətlərdir. Göründüyü kimi, avtokreditlərin azalması onların işinə mənfi təsir etməyib. Bundan başqa, “Azərsığorta”, “Beynəlxalq Sığorta Şirkəti”, “Meqa Sığorta”, “Azərqarant” və “Çartis Azərbaycan” da ödəniş səviyyəsini aşağı salmış şirkətlərdəndir.

Həmişə səxavətli olanlar

2014-cü ildə 28 sığorta şirkətindən 17-də ödəniş-yığım nisbəti orta göstəricini üstələyib. 2013-cü ildə isə bu göstərici 13 olub. Həmişə səxavətli olan şirkətlər isə bunlardır: “Era Trans”, “Bakı Sığorta”, “Buta Sığorta”, “A-Qroup”, “AXA MBASK”, “PAŞA Sığorta”, “Başak İnam”, “Standard İnsurance”, “Atəşgah Sığorta”, “Amrah Sığorta”. 4 şirkətin ödəniş yığım nisbəti isə həm 2013-cü ildə, həm də 2014-cü ildə 50%-dən yüksək olub. Bunlar “Era Trans”, “Bakı Sığorta”, “A-Qroup” və “AXA MBASK” şirkətləridir.
2014-cü ilin yanvar-dekabr ayları ərzində sığorta şirkətlərinin ödəniş-yığım nisbəti ilə buradan tanış olmaq mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu