Müdafiə təyinatlı məmulatların istehsalı artıb


Müdafiə Sənayesi Nazirliyində (MSN) 2014-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.

MSN-in mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, iclasda çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, ötən il MSN tərəfindən bir sıra müdafiə təyinatlı məmulatların istehsalını həyata keçirən müəssisələr istifadəyə verilib və regionda ilk dəfə olaraq birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi - "ADEX-2014" sərgisi keçirilib. 2014-cü ildə MSN-in müəssisələri tərəfindən məmulatların yaradılması üzrə təcrübi-konstruktor işləri aparılıb, onlarla yeni növ müdafiə təyinatlı məmulatların istehsalı mənimsənilib, onların seriyalı istehsalı təmin edilib və yeni istehsal sahələrinin yaradılması üçün texnoloji avadanlıqların alınması istiqamətində müvafiq tədbirlər görülüb.

MSN üzrə 2014-ci ildə ümumi məhsul istehsalının həcmi 2013-cü illə müqayisədə 26,3 faiz artıb. İstehsal proqramı üzrə nəzərdə tutulan müdafiə təyinatlı məmulatların istehsalı 2013-cü illə müqayisədə 21,7 faiz, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 1,4 dəfə artıb. Nazir qeyd edib ki, 2014-cü ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2013-cü illə müqayisədə 30 faiz artıb.

Hesabat dövründə nazirliyin tabeliyində olan müəssisələr tərəfindən 4 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 5 məmulatın isə istehsalı mənimsənilib və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunub. Ümumilikdə, mövzular üzrə 26 mərhələ tam yerinə yetirilib.

2014-cü ildə mülki məmulatların istehsalında 2013-cü illə müqayisədə 13,5 faiz artım əldə olunub, çeşidlərin sayı isə 450-ni ötüb.

Y. Camalov deyib ki, ötən il nazirliyin Elmi-Tədqiqat İnstitutunda dövlət müdafiə sifarişi xətti ilə 10 mövzu üzrə təcrübi-konstruktor işləri aparılıb. Bununla yanaşı, daha 15 mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilib. Nazirliyin Milli Aerokosmik Agentliyində 33 mövzu üzrə elmi-tədqiqat və dövlət sifarişi çərçivəsində isə 3 mövzu üzrə təcrübi-konstruktor işləri davam etdirilib.

Kollegiya iclasında tabeli birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu