Ekspert "güzgü statistikası" ilə DGK-nı ifşa etdi




"2015-ci ildə dövlət büdcəsi gömrük ödənişlərindən ən azı 1,3 milyard manat vəsait itirib". AFN xəbər verir ki, bu haqda "güzgü statistikası" metodologiyası ilə hesablama aparan iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.



Onun sözlərinə görə, həmin ili 10 ticarət tərəfdaşı ilə idxal əməliyyatları üzrə qeydiyyatdan kənarlaşdırılan dövriyyə 2 milyard 30 milyon dollar və ya hazırkı məzənnə ilə 3 milyard 451 milyon manat olub:

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və 10 tərəfdaş ölkənin 2015-ci il üçün idxal əməliyyatlarına dair məlumatlar əsasında güzgü statistikası metodologiyası ilə eyni göstəricilər arasındakı fərqi aşkarlamaq üçün növbəti hesablamaların nəticələrini təqdim edirəm. Əvvəlki hesablamarla müqayisə əsasında qeyd edim ki, bu dəfə fərq ötən illərlə müqayisədə azalsa da (hesab edirəm ki, bu da obyektiv səbəbdən baş verir, çünki ümumilikdə idxal da aşağı düşüb) yenə də əhəmiyyətlidir. Bəzi ölkələr (İsrail, Gürcüstan, Macarıstan, Britaniya və Türkiyə) üzrə fərq isə keçən illərlə müqayisədə, əksinə daha da böyüyüb.
Yekun hesablamalar göstərir ki, 10 ticarət tərəfdaşı ilə idxal əmliyyatlarında qeydiyyata düşməyən ticarət dövriyyəsi 2 milyard 30 milyon dollardan çoxdur ki, bu da həmin ölkələr üzrə idxal əməliyyatlarının orta hesabla hər 3 dollarından 1 dollarının qeydiyyata salınmaması və ya gömrük dəyərinin ən azı 30 faiz azaldılması nəticəsində mümkündür. Belə olan halda da dövlət büdcəsi həmin ölkələr üzrə qeydiyyatdan kənarlaşdırılmış idxal əməliyyatlarından orta hesabla 741,4 milyon dollar və ya hazırkı məzənnə ilə 1 milyard 311 milyon manat itirib. Daha geniş məlumatlarla cədvəl vasitəsilə tanış ola bilərsiniz.



Cədvəl məlumatlarından göründüyü kimi Türkiyə Dış Tıcarət Müştəşarlığı 2015-ci ildə Azərbaycana 1 milyard 898 milyon 714 min 900 dollarlıq mal ixrac etdiyini açıqlayıb, Dövlət Gömrük Komitəsində isə Türkiyədən Azərbaycana idxal 1 milyard 171 milyon 385 min 400 dollar göstərilib ki, bu da iki ölkə arasında 727 milyon 329 min 500 dollarlıq idxalın qeydiyyata düşmədiyini təsbit edir. Yaxud İsrail höküməti həmin il Azərbaycana 129 milyon 557 min dollarlıq mal göndərdiyini rəsmi olaraq açıqlasa da Azərbaycan gömrüyündə onun 5,2 dəfədən az hissəsi, yəni cəmisi 24 milyon 871 min 700 dolları qeydiyyata alınıb. Eynilə də Gürcüstandan gələn idxal malı 3,5 dəfə azaldılaraq qedyiyyata salınıb.

Ekspert bildirib ki, yaxın zamanlar a 2016-cı il üzrə vəziyyəti xarakterizə edən araşdırmanın nəticələri də təqdim olunacaq.
Ticarət tərəfdaşlarının Azərbaycana ixrac etdikləri əmtəə dövriyyəsinin dəyərinə dair məlumatlar comtrade.un.org/data/ bazasından, Azərbaycanın həmin ölkələrdən idxal əməliyyatlarına dair məlumatlar isə Dövlət Gömrük Komitəsinin statistik hesabatından götürülüb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu