Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırılır


Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırılır


Sahibkarlıq sahələrində yoxlamaların dayandırılması 2021-ci ilədək uzadılacaq.



Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Ziyad Səmədzadə deyib.

O, bildirib ki, sahibkarlıq obyektlərində yoxlamaların iki il müddətinə dayandırılması bu ilin noyabr ayında başa çatır.

Komitə sdəri qeyd edib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilir.

Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Xatırladaq ki, 2015-ci ildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi qəbul olunub. Qanun sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır və 4 maddədən ibarətdir.

Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulmuşdu.

Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Qeyd olunub ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.

Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. (azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu