Elektron ticarət qanunla necə tənzimlənir?- ŞƏRH


Elektron ticarət qanunla necə tənzimlənir?-


Hər keçən gün ticarət fəaliyyətimizdə daha geniş yer tutan, alqı-satqı zamanı, o cümlədən, müxtəlif cür malların, xidmətlərin sifarişində istfadə etdiyimiz elektron ticarət və onun hüquqi əsaslarını öyrənmək hesab edirik k, hər birimiz üçün vacib və faydalıdır.



Elektron ticarətin hüquqi əsasından söz açmamışdan əvvəl onun bir neçə üstünlüyünü qeyd etmək lazımdır. Əvvəla, elektron ticarətin şəffaflıq amili daha nəzərə çarpandır. Belə ki, elektron ticarət ilə etdiyimiz əməliyyat həmişə qeydə alınır k, bu çox vacib amildir. Bu cür qeydiyyat iqtisadiyyatı, ticarəti “qaranlıq, müəmmalı” olmaqdan qoruyur. Elektron ticarət rahatdır ona görə ki, hər hansı bir yerə getmədən evimizdən, iş yerimizdən sıra, növbə gözləmədən operativ şəkildə hər hansı məhsulu sifariş edib ala bilirik və ya ödənişlərimizi çox rahat şəkildə ödəyə bilirik. Həm də elektron ticarət artıq qlobaldır. Bu gün dünyanın bir çox yerində və bir çox sahədə ondan istifadə edilir və biz istənilən məhsula və ya xidmətə çıxış imkanı əldə edə bilirik.
Elə ona görə də elektron ticarətin ölkəmizdə hüquqi əsasları haqqında məlumatlı olmaq ən az elektron ticarətin özü qədər əhəmiyyətlidir. Bunun üçün “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının qanununa müraciət edərək bu barədə hüquq məlumat almağa çalışacağıq.
Qeyd edilən qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir.

Elektron ticarət nədr?

Qanunda qeyd edilir ki, informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarətdir.Elektron ticarətin iştirakçıları elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitə çisi kimi çıxış edən hüquqi və fiziki şəxslərdir. Qanunda elektron ticarətrin iştirakçısı kimi alıcı və satıcı ilə yanaşı bir də ektron sənəd dövriyyəsi vasitəçisi anlayışı müəyyən edilmişdir. Belə ki, elektron sənəd dövriyyəsi vasitəçisi elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxsdir.

POS-terminal, kart təşkilatı və elektron pul kisəsi.

Elektron ticarət fəaliyyətində ödəniş kartları vasitəsilə əməliyyatların aparılması, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün nəzərdə tutulmuş avadanlıq POS-terminal adlanır.
Kartlar vasitəsilə aparılan əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi(qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablaşmalar sistemi), həmçinin kartların emissiyasına(emitent tərəfindən kartların dövriyyəyə buraxılmasıdır) və ekvayrinqinə (ekvayrinq-kartların satılmış mallar (iş, xidmətlər) üçün hesablaşma vasitəsi kimi qəbul olunması, onlarla hesablaşmaların təmin edilməsi və kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmətdir;) texniki xidmət göstərən mərkəz (prosessinq fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq kart təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, filialı və ya digər bölməsi kart təşkilatı adlanır.
Elektron pul kisəsi fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatıdır.
Qeyd etmək lazımdır ki, maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu Qanun Azərbaycan Respublikasında bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur. Maliyyə bazarında, o cümlədən sığorta və qiymətli kağızlar bazarında elektron ticarətlə bağlı münasibətlər Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən notarial qaydada təsdiqlənməli və ya dövlət qeydiyyatına alınmalı olan müqavilələrə şamil edilmir.

Azərbaycan Respublikasında elektron ticarət iştirakçıların hüquq bərabərliyi, iştirakçıların iradə sərbəstliyi, iştirakçıların əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi, azad və ədalətli rəqabət, malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti və hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi prinsiplərinə əsaslanmaqla həyata keçirilir.

Hüquqi və fiziki şəxslərin elektron ticarət sahəsində hüquq və vəzifələr əldə etməsinə və həyata keçirməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhdudiyyətlər qoyula bilər.
Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almalıdır.
Hüquqi və fiziki şəxslər elektron ticarət sahəsində hüquq və vəzifələrini qanunvericiliyə və bağladıqları müqavilələrə əsasən əldə edir və həyata keçirirlər.

Elektron ticarətin iştirakçılarına olan tələblər.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyətə xüsusi razılıq (lisenziya) nəzərdə tutulan hallar istisna olmaqla, mövcud qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan satıcı (təchizatçı) kimi fəaliyyətə başlaya bilər.
Satıcının (təchizatçının) alıcılara (sifarişçilərə) təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır.
5.3. Satıcı (təchizatçı) özü barədə hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı, əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları), malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat, ödənişlərin POS-terminal, İnternet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır. Alıcı (sifarişçi) bu Qanunla, mülki qanunvericiliklə, o cümlədən istehlak çıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliklə və elektron ticarət iştirakçıları arasında bağlanmış müqavilələrlə nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir.

Kommersiya bildirişi.

Elektron ticarətin təşviq edilməsi məqsədilə satıcı (təchizatçı) kommersiya bildirişindən istifadə edə bilər. Kommersiya bildirişi, bildirişin kommersiya xarakterli olmasının aydın bildirilməsi, kommersiya bildirişini göndərənin adının və ünvanının dəqiq göstərilməsi, satışı stimullaşdırmaq məqsədilə qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar və hədiyyələr kimi təkliflərin aydın göstərilməsi, onların əldə edilmə şərtləri açıq, birmənalı ifadə olunması və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılması kimi qanunda qeyd edilən şərtlərə cavab verməlidir. Alıcının (sifarişçinin) razılığı olmadan satıcı (təchizatçı) tərəfindən elektron poçt vasitəsilə təşəbbüs xarakterli kommersiya bildirişləri göndərilə bilər. Satıcı (təchizatçı) təşəbbüs xarakterli kommersiya bildirişlərini almaq istəməyən şəxslərin qeydiyyatdan keçməsinə imkan yaratmalı və bu qeydiyyata riayət etməlidir. Təşəbbüs xarakterli kommersiya bildirişlərinə cavab verilməməsi aksept (razılıq) hesab olunmur.

Müqavilənin bağlanması.

Elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin (təklifi verən şəxs) özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər.
Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır.

Müqavilənin icrası.

Tərəflər arasında digər razılaşma olmadıqda, sifariş alıcı (sifarişçi) tərəfindən göndərilən gündən başlayaraq ən geci 30 gün ərzində satıcı (təchizatçı) tərəfindən yerinə yetirilməlidir. Satıcı (təchizatçı) sifariş verilmiş malları (işləri, xidmətləri) onların olmaması (görülməsinə və ya göstərilməsinə imkanın olmaması) səbəbindən təmin edə bilmədikdə alıcıya (sifarişçiyə) bu barədə məlumat verməlidir və onun ödədiyi məbləği 7 gün ərzində geri qaytarmalıdır.
Malların və xidmətlərin çatdırılması xərc tələb edərsə, alıcının (sifarişçinin) sifarişi olmadan onların təmin edilməsi qadağandır. Satıcı (təchizatçı) öz təşəbbüsü ilə ödəniş əsasında malların və xidmətlərin çatdırılmasını həyata keçirərsə, alıcının (sifarişçinin) belə təklifə cavab verməməsi razılıq sayılmamalıdır.
Elektron ticarət haqqında qanunvericiliyin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumat verməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Elektron ticarətin iştirakçıları arasında mübahisələr qanunvericiliyə zidd olmayan məhkəmədənkənar vasitələrlə, o cümlədən elektron vasitələrdən istifadə etməklə həll edilə bilər.
Elektron ticarətlə bağlı iddialara məhkəmələr qanunvericilikdə müəyyən olunmuş müddətdə baxırlar.

Hörmətli oxucu, həyat fəaliyyətimizin artıq ayrılmaz hissəsinə çevrilən və getdikcə daha da geniş istifadə edilən elektron ticarət və onun hüquqi əsasları haqqında az da olsa, əsas və lazımlı məsələlərə toxunmaqla, sadə və anlaşılan şəkildə məlumat verməyə, bununla da maariflənmə məqsədinə nail olmağa çalışdıq. Bu və ya istənilən hər hansı sahənin hüquqi əsasları barədə məlumatları öyrənmək, əldə etmək ölkəmizdə sərbəstdir və bunun üçün geniş imkanlar mövcuddur. Bunları özümüzün bilməyimizdən əlavə ətrafımızdakı insanlara da sadə formada çatdırmaq hesab edirik ki müsbət, faydalı nəticələrə səbəb olar.

Elvin ZEYNAL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu