Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA


Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-


Goranboy rayonunun Borsunlu kəndində fermerlərin suvarma suyunun olmaması ilə bağlı şikayətini işıqlandırmışıq. AFN xatırladır ki, içərisində Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri olan şikayətçilər Borsunluda əkin sahələrinin iki mənbədən – Qarabağ kanalından nasoslar vasitəsilə, Kürəkçaydan isə arx vasitəsilə suvarıldığını, lakin ikinci mənbədən 4 aydan çoxdur ki, sahələrə su verilmədiyini deyiblər. Onlar bildirirlər ki, nasoslarla suvarılan sahələrdə də suvarma gec aparılıb, lakin əsas problem Kürəkçaydan qidalanan sahələrin susuz qalmasıdır. Üstəlik, Borsunlu Sudan İstifadə Edənlər Birliyinin sədri Xəlil İlyasov sakinlərdən hər hektara görə 20 manat pul tələb edir: “Məcburən deyirik ki, 30 manat da verməyə hazırıq, təki suyumuz gəlsin, sahələrimiz yanıb məhv olmasın. 400 hektardan çox ərazidə əkilən taxıl, arpa məhv olub gedib, toxum yerə səpiləndən bəri hələ su dəyməyib, bu isə məhsuldarlığı yarıbayarı azaldacaq”.

Sakinlərin sözlərinə görə, onlara Kürəkçayda suyun olmadığı deyilir: “Lakin bu, bəhanədir. Kürəkçayda su yoxdursa Şadılı kəndinə gedən arx necə bol-bol su ilə təmin edilir? Biz anlaya bilmirik ki, aidiyyatı şəxslərin Borsunlu sakinləri ilə nə problemi var, niyə bizim sahələrimiz susuzluqdan yandırılır?!”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sudan İstifadə Edənlər Birliklərinə nəzarət şöbəsindən bildirildi ki, Kürəkçayda suyun olmaması ilə bağlı deyilənləri araşdırmaq lazımdır: “Siz Ekologiya və Təbii Sərvətlər Naziliyinə müraciət edin, görün çayda suyun səviyyəsi necədir”.
kologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev AFN-ə açıqlamasında bildirdi ki, Kürəkçay çayı üzərində gündə iki dəfə müşahidə aparılır, suyun səviyyəsi saat 08.00-da və axşam saat 20.00-da müşahidə edilir: “Eyni zamanda dekada ərzində çayda sudan asılı olaraq ayda üç-dörd dəfə suyun sərfi ölçülür. Bu işlər Göygöl rayonunun Toğana kəndi ərazisində aparılır. Son 22 gündə suyun səviyyəsində bir dəyişiklik baş verməyib. Dağlıq ərazilərə hazırda yağıntı qar şəklində düşdüyü üçnü çayda suyun səviyyəsində artım müşahidə olunmur. Yəni hazırda həmin ərazidə axan su ongünlük normanın təxminən 55 faizini təşkil edir. Suyun artımı əsasən martın axırı aprelin əvvəllərində olur. Ən çox su onda olur çayda”. A.Verdiyev sualımıza cavab olaraq bildirdi ki, payız aylarında çayda suyun səviyyəsi indiki ilə müqayisədə yüksək olur: “Çünki həmin fəsildə də yağan yağışlar nəticəsində suda artım müşahidə olunur. Orada suyun səviyyəsinin yüksək olması ən çox yazda və payızda olur”. İndiki səviyyədə suyun suvarmaya kifayət edib-etməməsinə gəlincə, A.Verdiyev bildirdi ki, bu barədə “Meliorasiya və Su Təsərrüfatı” ASC dəqiq məlumat verə bilər: “Deyə bilərəm ki, qış dövrü üçün orada kifayət qədər su var”.
Yuxarıda qeyd etdiyimiz kimi, Borsunlu Sudan İstifadə Edənlər Birliyinin sədri əhalidən sərf olunan suya görə deyil, hektara görə su pulu yığması da şikayət edilən məqamlardandır. Yeri gəlmişkən, həmin birliyin dövlət büdcəsinə olan borclarını vaxtında ödəyib-ödəməməsi də maraqlıdır. Vergilər Nazirliyinin rəsmi səhifəsində axtarış verib Birliyin VÖEN-ini tapdıqdan sonra 195-1 çağrı mərkəzindən vergi borcları ilə maraqlandıq. Məlim oldu ki, Borsunlu Sudan İstifadə Edənlər Birliyinin dövlət büdcəsinə 221 manat borcu var.
X.İlyasov Kürəkçayda suyun olduğunu təsdiqlədi. Lakin bildirdi ki, kəndin sahələrini suvaracaq qədər su olmur: “Yağıntı yoxdur deyə, suyun səviyyəsi elə yüksək deyil. Ancaq kəndin Qazanbulaq qəsəbəsindəki nasos stansiyasına qədər gətirə bilirik suyu. Təsərrüfat suvarılmamış qalıb, çox çətinlik çəkirik. Goranboyda bir Borsunlu deyil, bütün kəndlərdə vəziyyət belədir. Şadılı kəndinin içindən çay keçir, camaat həyətyanı sahələrini suvarır, amma sahələr suvarılmır. Xanlardan bizə gələn su Borsunluyadək 43 kilometr yol gəlir. Bu quraqlıqda hardan su ola bilər ki?”
X.İlyasov oktyabrdan bəri kəndin ərazilərinə su verilməməsi ilə bağlı şikayəti də inkar etdi. Lakin o, sahələrin sonuncu dəfə nə vaxt suvarılması ilə bağlı sualımızı cavablandırmadı. Bildirdi ki, arxda indi də su var, lakin miqdarı az olduğu üçün sahələri suvarmağa çatmır. Hər hektara görə 20 manatdan pul tələb edilməsinə də münasibət bildirən birlik sədri bunun yalan olduğunu dedi. Bildirdi ki, su pulu rəf olunan suyun kubuna görə hesablanır”.
Borsunlu Sudan İstifadə Edənlər Birliyinin dövlət büdcəsinə olan borcu haqda da danışan sədr dedi ki, “çətinlikdir, ödəyə bilmirik”.

Problemlə bağlı digər yazıları buradan oxuya bilərsiz:

Goranboyda məmurlar yezidlik edir: əkin sahələri susuz qalıb-VİDEO+FOTO

Borsunluda susuzluqdan əziyyət çəkən fermerlər prezidentdən imdad diləyir- VİDEOMÜRACİƏT

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu