Şabranda fərdi heyvandarlıq təsərrüfatları niyə məhv olur...


Şabranda fərdi heyvandarlıq təsərrüfatları niyə məhv olur...


Şabran rayonunda fərdi qoyunçuluq təsərrüfatları dağılır. Artıq 10 ildən çoxdur ki, rayonun kəndlərində əhalinin əksəriyyəti xırda buynuzlu mal-qara saxlamaqdan imtina edib. Bunun əsas səbəbi isə rayonda örüş sahələrinin ayrı-ayrı imkanlı şəxslər, oliqarxlar tərəfindən zəbt olunmasıdır.

Virtualaz.org xəbər verir ki, heyvanlarına otlaq sahəsi tapa bilməyən əhali heyvanları kütləvi sataraq fərdi təsərrüfatlarını ləğv etmək məcburiyyətində qalıb.

“Sovet dövründə demək olar ki, hər ailə ən azı 5-6 baş xırdabuynuzlu heyvan saxlayırdı. Hər gün bir nəfər növbə ilə kəndin kənarındakı örüş sahələrində heyvanları otarardı. İndi kəndlərdə örüş torpaqları məqsədəuyğun şəkildə istifadə olunmur, bir hissəsi zəbt olunub, bir hissəsi əhaliyə pay torpağı kimi paylanıb. Rayonun hansı kəndinə baxsanız, görərsiniz ki, cəmi 5-6 sakinin fərdi təsərrüfatında qoyun-quzu var. Çoxları qoyun saxlamaqdan imtina edib, çünki otarmağa yer yoxdur. Bu da bizim dolanışığımızı çox çətinləşdirib”, - deyə Pirəmsən kənd sakini Fazil Məmmədov bildirir.

Həmsöhbətimiz deyir ki, eyni vəziyyət rayonun Gəndob, Ərəblər, Şahnəzərli, Yenikənd və digər kəndlərində də müşahidə olunur.

Kənd sakinləri deyirlər ki, əhalinin illərdir örüş ərazisi kimi istifadə etdiyi torpaqların bir hissəsi ayrı-ayrı imkanlı şəxslərə satılıb. Həmin torpaqlarda biznesmenlərə məxsus sürülər otarıldığından yerli əhali ora yaxın gedə bilmir. Deyilənlərə görə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qohumlarının da bu rayonda sürüləri var. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da əvvəllər Şabranda sürülərinin olduğu deyilirdi.

Rayonun Ərəblər kənd sakinləri fərdi qoyunçuluq təsərrüfatlarının məhv olmasını subsidiyaların olmaması ilə əlaqələndirirlər: “Əvvəllər heyvandarlıq, xüsusən də qoyunçuluq çox sərfəli idi. Həm artımı yaxşıdır, həm yunundan və südündən gəlir götürmək olur. Amma bu sahəyə subsidiya ayrılmır deyə əhali heyvandarlığı inkişaf etdirməkdə maraqlı deyil. Əvvəl hansısa xəstəlik yayılanda bir-bir təsərrüfatları gəzərək iynə vurardılar. Amma indi bir dəfə xəstəlik düşür, bütün mal-qara qırılır. Ona görə camaatın gözü qorxub, heç kim heyvan, xüsusən də qoyun saxlamaq istəmir”, - deyə kənd sakinləri bildirirlər.

Şabran sakinləri deyirlər ki, kənd camaatının qoyunçuluqdan imtina etməsini əhalinin tənbəlləşməsi kimi təqdim etmək olmaz. İmkan və şərait olsa camaat fərdi heyvandarlıq təsərrüfatlarını inkişaf etdirərək işsizliyin geniş yayıldığı bu rayonda dolanışıqlarını qismən düzəldə bilər. Belə imkan isə qalmayıb.

Əhalinin örüş torpaqlarının hansı oliqarxlar və iri fermerlə tərəfindən zəbt olunduğunu dəqiqləşdirmək üçün Şabran rayon icra hakimiyyətinə zəng etsək də, telefon zənglərimizə cavab verən olmadı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu