Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakiə edilib


Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakiə edilib


İqtisadiyyat naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Boçarnikovu qəbul edib.



Görüşdə nazir Şahin Mustafayev diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, ölkəmizin Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini, əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan və Rusiya Federasiyası arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələrdə 170-ə yaxın sənəd imzalanıb.

Hazırda Azərbaycanda 760-a yaxın Rusiya kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirən nazir Ş.Mustafayev Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 4 mlrd. ABŞ dollarından çox investisiya yatırıldığını qeyd edib. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ildə davam edir, bu ilin 5 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 24%-ə yaxın artıb. Rusiyanın Sankt-Peterburq və Həştərxan şəhərlərinə ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri öz məhsullarını Rusiyada keçirilən sərgilərdə “Made in Azerbaijan” brendi işə nümayış etdiriblər. Həştərxanda “Azərbaycan İş Mərkəzi”nin açılması iş adamları arasına əlaqələrin genişlənməsində mühüm addımdır.

İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika, kənd təsərrüfatı, ticarət, əczaçılıq, turizm və s. sahələrdə əlaqələr inkişaf edir və əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür. Nazir qeyd edib ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə sıx əməkdaşlıq edir və Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardandır.

Nəqliyyat-tranzit əməkdaşlığından danışan Şahin Mustafayev bu sahədə Şimal-Cənub dəhlizinin və Samur çayı üzərində tikilən körpünün əhəmiyyətini vurğulayıb.

Ölkələrimiz təhsil sahəsində də sıx əməkdaşlıq edir. M.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filalları Azərbaycanda uğurla fəaliyyət göstərir.

İkitərəfli əlaqələrin genişlənməsində Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının rolunu qeyd edən Şahin Mustafayev bu ilin sonunadək Komissiyanın 17-ci iclasının keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirib, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinə dair fikirlərini bölüşüb.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri, bu ilin sentyabrında Gəncədə keçirilməsi nəzərdə tutuluan IX Azərbaycan-Rusiya Regionlararası Forumu barədə fikir mübadiləsi aparılıb, maraq doğuran digər məsələlər müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu