İslahatlar kənd təsərrüfatı sahəsindəki problemləri aradan qaldıra biləcək- Nicat Nəsirli


İslahatlar kənd təsərrüfatı sahəsindəki problemləri aradan qaldıra biləcək-


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda qeyd edilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılsın.

Aqrar sahədə islahatların mühüm hissəsi olan fərmanı AFN-ə şərh edərkən kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib ki, 2018-ci ildə dövlət səviyyəsində qida və kənd təsərrüfatına baxışların mahiyyətcə dəyişməsi, aqrar siyasəti həyata keçirən mərkəzi icra qurumunun rəhbərinin dəyişdirilməsi ciddi islahatların aparılacağını deməyə əsas verirdi: “Əslində islahatların aparılması üçün mühüm amillər vardı, aqrar sektor ölkənin ümumi inkişafı fonunda çağırışlara cavab vermirdi. İllərdir aqrar siyasətin qarşısına qoyulmuş xidmətyönümlü sahəyə çevrilmək, məşğulluq səviyyəsinin yüksəldilməsi, təsərrüfatlarda dəyər zəncirinin yaradılması kimi hədəflər həyata keçirilmirdi. Faktdır ki, bu gün fermerlərin istehsal prosesini təşkil etmək üçün çoxsaylı xidmətlərə ehtiyacı var və bu xidmətlər fasiləsiz olaraq verilməlidir. Fikrimcə, ötən ilin ikinci yarısından başlamış institusional islahatların əsas məqsədi kənd təsərrüfatının xidmət sektorunun müasir tələblər səviyyəsində yenidən təşkilidir. Rayonlardakı kənd təsərrüfatı idarələrinin ləğv edilərək DAİM mərkəzlərinin yaradılması, KTN-in xidmət qurumlarında aparılan kadr islahatları, texnika və damazlıq heyvan bazarında biznes münasibətlərinin formalaşdırılması məqsədi ilə “Aqrolizinq” sistemində aparılan köklü dəyişiklik, kənd təsərrüfatı kreditləri alətlərinin yenidən təşkili, arıçılığın subsidiyalaşmaya cəlb edilməsi, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin ləğv edilərək yenidən təşkili istiqamətində atılan addımlar, eyni zamanda Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması kənd adamlarına göstərilən xidmətlərin lazımi səviyyədə olmamasını göstərirdi və yəqin ki, bu sahədəki problemləri xeyli dərəcədə aradan qaldıra biləcək. Əvvəlki dövrlərdə hesab edirdilər ki, xidmətlərin operativ çatdırılması üçün hər xidmət üzrə ayrıca qurumların yaradılması vacibdir, indi isə siyasət onun üzərində qurulub ki, bütün xidmətlər vahid pəncərədən təqdim edilsin.
2019-cu ildə qarşıda duran hədəflər baxımından institusional islahatların aparılması vacib addımdır. Bu il elektron kənd təsərrüfatı sisteminin qurulması, aqrolizinq xidmətlərinin özəlləşdirilməsi, damazlıq heyvan və gübrə dəstəyinin optimallaşdırılması, xırda təsərrüfatların birləşdirilməsi – kooperasiya münasibətlərinin yaradılması, qida məhsulları üzrə özünütəminetmə səviyyəsinin 100% həddinə çatdırılması, torpaqların məhsuldarlığının yüksəldilməsi, yem əkinçiliyinin genişləndirilməsi, əl əməyi və digər problemlərin aradan qaldırılması kimi məsələlər həllini tapmalıdır. Əks təqdirdə, aqrar iqtisadiyyatda əsaslı dönüşün yaranması mümkün olmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu