"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum keçirilib


"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum keçirilib


Fevralın 18-də Bakı şəhərində Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum keçirilib.

DGK-nın mətbuat xidmətindən verilən məlumat görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak ediblər.

Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində islahatlar, vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyi və inzibatçılığında dəyişikliklər, eləcə də dövlət-biznes münasibətlərinə toxunaraq ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Nazir bildirib ki, ötən il vergi sisteminin iqtisadi tənzimləmədə rolu əhəmiyyətli şəkildə artıb. Onun sözlərinə görə, vergilər artıq sadəcə bir fiskal siyasət aləti deyil, həm də iqtisadiyyatın inkişafını, biznesin idarə edilməsi şərtlərini müəyyən edən əsas iqtisadi idarəetmə vasitəsidir. Vergi sistemində başlanan yeni islahatlar, vergi ödəyicilərilə aydın və şəffaf münasibətlərin qurulması istiqamətindəki yeni yanaşmalar işgüzar mühitə müsbət təsir göstərib.

Mikayıl Cabbarov şəffaf münasibətlər sisteminin qurulmasına da toxunub və bildirib ki, 2018-ci il vergi sahəsində dövlət-biznes münasibətlərində keçid dövrü kimi qəbul olunub. Vergi orqanlarının strukturu yenidən qurulub, kadr heyətində əsaslı dəyişikliklər aparılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "kölgə iqtisadiyyatı" və bu problemlə bağlı fikirlərini bölüşüb. Millət vəkili nəzərə çatdırıb ki, son bir ildə vergi və gömrük sistemində islahatlar nəticəsində bu sahədəki problemlər əsaslı şəkildə aradan qaldırılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində sahibkarların biznesin istənilən sahəsi və növü ilə məşğul ola biləcəyini və bunun üçün ölkədə münbit şərait olduğunu söyləyib. Nazir dövlət baçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, sahibkarlıq subyektlərində yoxlamaların, vergi yoxlamaları istisna olmaqla, 2020-ci ilədək dayandırıldığını diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və "DOST" mərkəzlərinin yaradılmasına imkan verib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev isə şəffaflığın təmin edilməsi, sahibkarlara münbit şəraitin yaradılması, maliyyə intizamının gücləndirilməsi, vergi uçotunun düzgün təşkil edilməsi istiqamətində görülən işlərdən danışıb və Vergilər Nazrliyi ilə birlikdə həyata keçirilən fəaliyyətdən bəhs edib.

Bildirilib ki, Prezident İlham Əliyevin bu sahədə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsilə əlaqədar Vergilər Nazirliyi ilə birlikdə uğurlu layihələr həyata keçirilib, vergi uçotunun qurulması, birgə elektron uçot sisteminin təşkili və iki qurumun sistemlərinin inteqrasiyası istiqamətində mühüm işlər görülüb. Nəticədə, ticarət dövriyyəsi artıb və "kölgə iqtisadiyyatı"na ağır zərbə vurulub.

Komitə sədri bildirib ki, sadəcə malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və bəyan edilməsi, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı köklü islahatların həyata keçirilməsi nəticəsində 1 milyarddan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Komitə sədri əldə edilən uğurları şəffaflığın təmin edilməsi, Risklərin İdarəedilməsi Mərkəzinin formalaşdırılması, sahibkarlara münbit şəraitin yaradılması ilə əlaqələndirib. Ötən il dekabrın 21-də "Yaşıl dəhliz" buraxılış sistemi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanın isə ölkənin iqtisadi inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində son illər hazırlanan ən mühüm sənəd olduğu vurğulanıb. Səfər Mehdiyev onu da bildirib ki, bu fərman həm də könüllü riayət mədəniyyətinin formalaşmasına şərait yaradacaq ki, bu da şəffaflığın təmin olunmasında mühüm addımlardan hesab olunur.

Artıq 100-dən çox şirkətin "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnu əldə etdiyini bildirən Komitə sədri bu il sistemin ixracda tam, idxalda isə 35-40 faiz tətbiq ediləcəyini bildirib.

Səfər Mehdiyev həmçinin bildirib ki, artıq 9 ölkə üzrə ticarət əməliyyatları ilə bağlı on-layn rejimdə əvvəlcədən məlumat mübadiləsi həyata keçirilir, bu da şəffaflığın təmin olunması, vergi uçotunun düzgün aparılmasına münbit şərait yaradır.

Fevralın 1-dən qısa idxal bəyannamələrinin tətbiqinin həyata keçirildiyini də diqqətə çatdıran Komitə sədri qeyd edib ki, bu sənəd elektron idarəetmə sistemi vasitəsilə vergi orqanlarına da ötürülür və birgə fəaliyyət nəticəsində haqsız rəqabət aradan qaldırılır, şəffaflığın təmin olunmasına münbit zəmin yaradılır.

Sonra Auditorlar Palatasının sədri Vahid Novruzovçıxış edərək bildirib ki, son dövrlərdə Vergilər Nazirliyinin apardığı siyasət Prezident İlham Əliyevin iqtisadi islahatlar strategiyasının bütün çalarlarını özündə dolğun şəkildə əks etdirir və nəzarət tədbirlərinin çoxluğu əvəzinə onların keyfiyyətinin yüksəldilməsi meyarı öz təsdiqini tapmaqdadır. Bütün bunlar iş adamlarının, vergi ödəyicilərinin və ümumilikdə, cəmiyyətin müsbət rəyinin formalaşmasına gətirib çıxarıb.

Forumda məruzə edən Avropa daxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş katibi Miqel Silva Pinto Azərbaycanda vergi və gömrük sahəsində həyata keçirilən islahatların çox mütərəqqi olduğunu vurğulayıb.

Digər çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırlması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək, dövlət başçısı tərəfindən bu istiqamətdə atılan addımları dəstəklədiklərini bildiriblər.

Forum müzakirələrlə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu