Hansı kredit borcları silinəcək?- İqtisadçı alimdən açıqlama


Hansı kredit borcları silinəcək?-


Qubad İbadoğlu: “Bütövlükdə kreditlərin silinməsinin əleyhinəyəm. Xüsuslə, bank rəhbərlərinə, siyasi dairələrə yaxın adamların adına rəsmiləşdirilmiş aşağı faizli, yüksək məbləğli kreditlərin silinməsindən söhbət gedə bilməz”



Azərbaycanda problemli kreditlərlə bağlı hökumət tərəfindən addımlar atılması gözlənilir. Deputatlar, ekspertlər yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Bildirilir ki, hazırda vətəndaşların xarici valyutada olan kreditləri ilə bağlı məhkəmələrdə 200 minə yaxın iş var. Deputat Vahid Əhmədov və Əli Məsimlinin birgə hazırlayıb parlamentə təqdim etdiyi qanun layihəsində problemli kreditlərin dövlət, Mərkəzi Bank, vətəndaşlar və bank arasında bölüşdürülməsi nəzərdə tutulub.

Krediti olan vətəndaşlar kreditlərlə bağlı qərarı səbirsizliklə gözləsələr də, belə bir addım atılarsa, borcun silinməsi, yaxud güzəştin hansı kreditlərə aid olması isə məlum deyil.

Bu məsələlərlə bağlı Bizimyol.info saytının suallarını Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu cavablandırır.

– Qubad bəy, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı müxtəlif təkliflər var. Ümumiyyətlə, həlli təklif olunan problemli kreditlər dedikdə nə nəzərdə tutulur: Yalnız devalvasiyadan sonra xarici valyutada olan kreditlərin ödənməməsindən yarananlar, yoxsa ümumilikdə ödənməyən kreditlər?

– Yaxşı sualdır. Ona görə də mən təklif edirəm ki, ilk növbədə problemli kreditlərin araşdırılmasından başlamaq lazımdır. Yəni, “problemli kreditlər” ümumi bir ifadədir. Onun tərkibində sahibkarlıq subyektlərinin kreditləri, vətəndaşların götürdüyü istehlak kreditləri və s. var Bu kreditlərin bəziləri Azərbaycan manatı ilə, bəziləri xarici valyutada –xüsusilə ABŞ dolları ilə götürülüb. Həmçinin məbləğlə bağlı da fərqlər var: 5 min, yaxud 10 min manata qədər olan və daha yuxarı məbləğlərlə bağlı da təkliflər var. Həmçinin kreditlər müddətinə görə fərqlənirlər. Problemli kreditlərin arasında müddəti daha çox keçmiş ümidsiz borclar var, şübhəli kreditlər var. O baxımdan, mütləq bu kreditlərin tənzimlınməsi üzrə bir agentlik yaranmalıdır. Bu qurum ya Mərkəzi Bankın, ya da Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində ola bilər.

Həmin agentlik bütövükdə kreditlərin təhlili və təsnifatı ilı məşğul olmalıdır. Sonrakı mərhələdə, problemli kreditlərlə bağlı həmin təhlilə uyğun şəkildə müvafiq qərarlar qəbul edilməli və icraya yönəlməlidir. Əks halda, problemli kreditlərə ümumi yanaşma məsələnin həllinə heç bir müsbət effekt verməyəcək.

– Problemli kreditlərin həlli hansı qaydada mümkündür, problemli məbləğ kimin arasında bölüşdürülə bilər? Sizcə, hansı yanaşma daha ədalətlidir?

– Düşünürəm ki, problemin həlli üçün ilk növbədə kreditlərin hansı həcmdə ödənilməsinə baxmaq lazımdır. Əgər həqiqətən də vətəndaş əsas borcu qaytarıbsa, məbləğindən asılı olmayaraq, digər borcu ödəmək üçün vətəndaşa müddət vermək olar. Yaxud da digər ödəmələri dövlət tərəfindən qarşılamaq olar. Əsas məbləğin ödənilməsi o deməkdir ki, bank sahibkara və ya vətəndaşa verdiyi pulu geri alıb. Belə olan halda tərəflər arasındakı mübahisə faiz dərəcələri, gecikməyə görə peniya və cərimələrlə bağlıdır. Buna uyğun olaraq dövlət xərcləri qarşılaya bilər, banklara yardım edə bilər ki, banklar bu xərci itirməsinlər, müəyyən mənada kompensasiyası olsun. Burada artıq banklarla dövlət arasında xərclərin bölüşdürülməsi prosesi gedə bilər.

Devalvasiya xərcini birmənalı şəkildə çıxmaq lazımdır. Bu xərcin vətəndaşın boynuna qoyulması ədalətsizlikdir. Ona görə də ikinci yanaşma ondan ibarıtdir ki, kreditlərdə devalvasiya xərcini hesablayırıq və bu xərclər artıq hökumətlə banklar arasında bölüşdürülür. Ola bilər ki, çox hissəsini hökumət ödəsin, bir hissəsini banklar, yerdə qalan məbləği isə krediti götürənlər ödəyə bilər.

Üçüncü yanaşma ondan ibarətdir ki, burada aztəminatlıq məsələsi, krediti ödəmə qabiliyyəti əsas götürülməlidir. Bu, xüsusilə də aşağı məbləğli kreditlərə tətbiq olunmalıdır. Hesab edirəm ki, maksimum 10 minə qədər olan kreditlər üçün bu yanaşma daha effektli ola bilər. 10 minə qədər olan kreditlərdə aztəminatlı təbəqədən olan həqiqətən ödəmək qabiliyyətində deyilsə, müflisləşmə haqqında qanun qəbul olunarsa, buna istinad edərək məhkəmələr qərarlar verə bilərlər. Bu qərar kreditin ödənilməsinə möhlət də ola bilər, silisnməsi barədə də ola bilər. Bu prosesdə də dövlətlə banklar arasında xərclər bölüşdürülə bilər.

– Əgər problemli kreditlərin silinməsi mümkün olarsa, bu, hansı kreditlərə aid ola bilər? Yalnız istehlak kreditləri, yoxsa digərlərinə də? Məsələn, belə yanaşma var ki, kimsə dollar krediti götürüb bahalı telefon, yaxud bahalı maşın alıbsa, onun borcunun silinməsi dövlətin üzərinə atıla bilməz.

Bu məsələdə fərqli yanaşma olmalıdır. Kimlərsə 100 minlərlə, hətta milyonlarla aşağı fazilərlə kredit götürərək biznes qurubsa, əmlak, mülk alıbsa, düşünürəm ki, onlarla bağlı yalnız devalvasiya xərci çıxıb, yerdə qalan məbləği qaytarmaq öhdəliyi qoyulmalıdır. Kiçik kreditlərlə bağlı isə, dediyimiz kimi, müflisləşmə ilə bağlı məhkəmənin qərarı olduqda mümkündür. Həmin şəxsin borcu silinsə belə, onun gələcək üçün zərələri var. Yəni yeni kreditlərə çıxış imkanı məhdudlaşır.

Ona görə də mən bütövlükdə kreditlərin silinməsinin əleyhinəyəm. Hesab edirəm ki, xüsuslə də, bank rəhbərlərinə, siyasi dairələrə yaxın adamların adına rəsmiləşdirilmiş aşağı faizli, yüksək məbləğli kreditlərin silinməsindən söhbət gedə bilməz. O kreditlərə belə dəstək ola bilərlər ki, orada devalvasiya xərci krediti götürən, bank və dövlət arasında bərabər hissələrdə bölüşdürülə bilər.

Aşağı məbləğli kreditlərin həlli yolu isə müfisləşmə haqqında qanunun qəbulundan keçir və problemin həlli məhkəmə müstəvisində mümkündür.

– Bəzi kredit götürənlər var ki, devalvasiyadan sonra kreditlərini yeni məzənnəyə uyğun olaraq qaydasında ödəyiblər. Bu isə onların ikiqatdan daha artıq, fazilərlə birlikdə az qala üçqat artıq ödəməsi ilə nəticələnib. Krediti ödəməynələrin borcu silinərsə, yaxud da müəyyən güzəştlər edilərsə, bu kreditini ödəyən şəxslərə yanaşmada ədalətsizlik sayıla bilərmi?

– Hesab etmirəm ki, bu, onlara münasibətdə ədalətsizlikdir Yəni kimlərsə krediti qaytarmaq iqtidarındadırsa və qaytarırsa, bunu normal hesab etmək olar. Amma gəlirlərinə və sosial vəziyyətinə görə krediti ödəmək qabiliyyətində olmayan şəxsləri də başa düşməli, onların da bu haqqını tanımalıyıq. İndi də gec deyil və problemi onun sosial vəziyyətinə və gəlirlərinə müvafiq şəkildə həll etmək olar.

– Hazırda banklar krediti manatla versələr də, müqavilə şərtlərində manatın məzənnəsi düşərsə, dolların qiymətinə uyğun indekləşdirmə aparılacağı ilə bağlı müddəa salıblar. Yəni dolların məzənnəsi bahalaşarsa, kreditin faizi də buna adekvat olaraq artacaq. Bu isə faktiki olaraq dollarla kredit verilməsi sayılır. Bu cür indeksləşdirmə qanunidirmi?

– Ümumiyyətlə, dollarla krediti yalnız xarici iqtisadi fəaliyyətin tərkib hissəsi olan şəxslərə, idxal-ixrac əməliyyatları həyata keçirən sahibkarlıq subyektlərinə verilməsi düzgündür. Birmənalı şəkildə istehlakçılara dollarla kredit verilməsinin əleyhinəyəm. O ki qaldı manatla götürülmüş kreditin müqavilə şərtlərində dolların məzənnəsinə uyğun indekləşdirilməsinə, hesab edirəm ki, bu da Azərbaycanın mövcud qanunvericiliyinə ziddir. Əgər dolların məzənnəsində dəyişiklik baş verərsə, yaranan xərci nəyə görə vətəndaş ödəmlidir? Bu, sadəcə olaarq bankların riskləri sığortalamaq siyasətinin tərkib hissəsidir. Öz mənafelərinə uyğun olaraq risklərini aşağı salmaq məqsədilə həyata keçirilir. Belə müqavilələrin hazırlanması, kredit şərtlərini dolların cari kursu ilə tənzimlənməsi manatla bağlanan kreditlərə tətbiq oluna bilməz.

– Yeni müqavilərdə bu cür indeksləşmə manatın ucuzlaşacağı təqdirdə risk faktorunun yenə də vətəndaşın üzərində qaması və bununla da yeni problemli kreditlər yaranacağı demək deyilmi?

– Təbii ki, bu cür müqavilələr vətəndaşlar üçün yeni risklər yaradır. Bu, əvvəlcədən müştərilərin üzərinə öhdəliklərin qoyulması deməkdir. Ümumiyyətlə, bu məsələni qanunamüvafiq hesab etmirəm.

– Problemli kreditlərin yaranmasında əsas səbəblərdən biri də Azərbaycanda bank faizlərinin digər ölkələrlə müqayisədə həddindən artıq yüksək olması ilə bağlıdır. Vətəndaşlara kreditlər daha yüksək – 22-28, hətta digər xərclər də daxil edilməklə 30 faizlə verilir. Bank fazilərinin bu qədər yüksək olması nədən qaynaqlanır?

– Bəli, Azərbaycanda dollarla götürülən kreditlərdə vaxtı keçmiş kreditlərin yaranmasının əsas səbəbi devalvasiyadıra, manatla götürülən kreditlərdə əsas səbəb banklarda faizlərinin yüksək olmasıdır. Faiz dərəcələrinin yüksək olması Azərbaycan Mərkəzi Bankının tənzimləmə vasitələrinin işləməməsinin, ümumiyyətlə faiz bazarına təsir etməməsinin göstəricisidir. Bu, eyni zamanda riskləri asan idarə etmək siyasətinin tərkib hissəsidir. Onlar, verdikləri vəsaiti bəri başdan geri almaq niyyətində olurlar və buna da bir çox halalrda nail olurlar. O baxımdan hesab edirəm ki, faiz dərəcələrinin yüksək olması Azərbaycanda güclü infilyasiyanın mövcudluğunun təzahür formasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu