Azərbaycanda kartof bahalaşa bilər- SƏBƏB


Azərbaycanda kartof bahalaşa bilər-


İran sabahdan kartof-soğan ixracına qadağa qoyacaq.



Azərbaycan xüsusən yaz aylarında kənd təsərrüfatı məhsullarına tələbatını bu ölkə vasitəsilə ödədiyindən bazarlarda nə baş verəcək? Soğanın kilosu 1.50-ni keçəndən sonra növbəti bahalaşma kartofda gözlənilirmi?

Artıq kartofun qıt dövrü olduğundan bahalaşmağa başlayıb.

Qış mövsümündə Bakıda kartof 70 qəpik-1 manat arasında dəyişirdi. Hazırda qiymət 1-1.30 manat civarındadır. İl ərzində İrandan Azərbaycana 50 min ton kartof idxal olunur. Lakin bu ölkə ilk növbədə daxili bazarını qorumağa çalışır, çünki daşqın və sel bu ölkənin kənd təsərrüfatına ciddi ziyan vurub.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin fikrincə, İran kartofa olan tələbatın ödənilməsində il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir.

"İlkin yaz dövründə İranın belə bir qərar verməsi qiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq Azərbaycanda faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq.

Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzində İrandan Azərbaycana nə kartofun, nə də soğanın gəlməsinə inanıram. Çünki ölkədə kifayət qədər rezervlər var idi”.

Onun sözlərinə görə, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini yalnız payız-qış mövsümündə hiss edəcək.

"İnanmıram ki, İran sözügedən qadağanı uzunmüddətli etsin. Çünki İran embarqoda yaşayan ölkədir, həm də böyük həcmdə istehsalı var. Əgər İran qadağanı daimi olaraq saxlasa, təbii ki, biz bunun təsirini daha çox kartofda hiss edəcəyik.

Ola bilsin ki, ilin sonuna doğru, əsasən, payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın”, - deyən N.Nəsirli vurğulayıb ki, İranın aidiyyəti qurumları bu il onlarda da iqlim amillərinin kifayət qədər əlverişsiz olduğunu açıqlayıblar.

Bu isə məhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Faraş kartof və soğanın çıxdığı bir dövrdə, təbii ki, daxili bazarı qorumağa çalışırlar.

Ekspert hesab edir ki, son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir. İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır.

Bu embarqoya səbəb olan ən ciddi amil İranın ərzaqla bağlı öz təminatını 100 faiz həcmdə təmin etməsi ilə bağlıdır. Bu isə daxili bazarın qorunma intervensiyası baxımından çox normalıdır. (oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu