Restruktrizasiya olunmalı olan kreditlərdə zaminliyə xitam verilməlidirmi?- ŞƏRH


Restruktrizasiya olunmalı olan kreditlərdə zaminliyə xitam verilməlidirmi?-


Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, 17.000 manatədək və 360 gündən çox gecikməsi olan kreditlərin restrukturizasiya olunması nəzərdə tutulur. Mövzu ilə bağlı müzakirə olunan məsələlərdən biri də ondan ibarətdir ki, bu cür restrukturizasiya olunacaq kreditlərə münasibətdə bağlanmış zaminlik müqavilələri qüvvədə olacaqmı? Əslində bu suala kreditlərin təminatı olan ipoteka müqavilələrini də əlavə etmək lazımdır(əgər borclu ilə ipoteka qoyan fərqlidirsə).

Bir sıra ekspertlər qeyd edirlər ki, əgər Fərmanın təsiri altına düşən restrukturizasiya olunmalı kreditlərə münasibətdə zaminlər yenidən öhdəlik götürməzlərsə, o zaman zaminlik müqaviləsinə xitam veriləcək. Formal olaraq haqlıdırlar, çünki Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarında bildirilir ki zaminin məsuliyyətinin artmasına və onun üçün əlverisiz nəticələrə səbəb olacaq hallardan biri də kreditin qaytarılma müddətinin uzadılmasıdır. Fərmanda da bu cür kreditlərin qaytarılma vaxtının 5 il uzadılması nəzərdə tutulur. Lakin mahiyyət olaraq baxsaq Fərmanda göstərilən müqavilə şərtləri - 5 il müddətinə (birinci ili ödənişdən azad olmaqla) yeni ödəniş qrafiki və illik 1% dərəcəsi zaminin vəziyyətini həqiqətən ağırlaşdırırmı? Hesab edirəm ki çox mübahisəli vəziyyət yaranir. Misal olaraq tutaq ki, A vətəndaşın banka 360 gündən çox gecikmədə olan borcu var. Illik faiz dərəcəsi 30%-dir. B vətəndaş da A vətəndaşın zaminidir. Təbii ki, burada artıq zamin olaraq B vətəndaşın ciddi narahtaçılığı yaranır, hətta məhkəmə qaydasında qət edilmiş qərar və icra sənədi də mövcud ola bilər. Bu zaman zamin borclu qədər məsuliyyət daşıyır və onun aylıq əmək haqqı və digər əmlakların üzərinə həbs qoyulmaq təhlükəsi yaranır və ya artıq belə həbs mövcud ola bilər. Fərmanın şərtləri ilə restrukturizasiya olunan zaman isə zamin ən azından bir müddət (2 il) icra təqibindən azad olur və yüksək faiz dərəcəsi əhəmiyyətli dərəcədə azalır. Hesablanmış dəbbə vəsaitləri də silinir.
Göründüyü kimi, formal olaraq müqavilənin müddətinin artması əslində mahiyyət olaraq zaminin vəziyyətini ağırlaşdırmır. Nəticə olaraq zamin yeni restrukturizasiya olunacaq müqavilələrə yenidən zamin kimi imza atmasa belə əvvəl bağladığı zaminlik müqaviləsinin qüvvədə qalmaq ehtimalı yaranır. Hesab edirəm ki, bununla bağlı yaxın zamanda çoxsaylı məhkəmə iddiaları yaranacaq. Ehtimal etmirəm ki, məhkəmələr bu halda zaminlik müqavilələrini ləğv etsinlər (etsələr müsbət mənada təəccüblənərəm). Başqa yolu da yoxdur əslində, çünki zaminlik müqavilələri ləğv edilsə, Fərmanın restrukturiziya olunmalı olan kreditlər hissəsində icrası real olaraq dalana dirənəcək! Təbii ki, banklar müqavilə azadlığı prinsipinə uyğun olaraq Fərmanı bu hissədə icra etməyə bilərlər. Lakin bu siyasi olaraq Fərmanın sabotajı olardı.
Hesab edirəm ki, əsas məsələ təminatı daşınmaz əmlaklar olan və Fərmana görə restrukturizasiya olunmalı kreditlərə münasibətdə ipoteka müqavilələrin hüquqi taleyidir. Çünki Mülki Məcəllədə əsas öhdəliyin dəyişidirilməsi zamanı zaminliyə münasibətdə konkret mexanizm göstərildiyi halda ipoteka ilə bağlı öhdəliklər üçün belə bir mexanizm göstərilməmişdir. Bu baxımdan hesab edirəm ki, yaxın zamanlarda bu cür məhkəmə mübahisələrinin yaranması qaçılmazdır.

Pərviz HÜSEYNOV, hüquqşünas



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu