Rəqabətli hərrac: 26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verilib


Rəqabətli hərrac: 26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verilib


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 18-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda 26 dövlət əmlakı üzrə ümumilikdə 40 sifarişçi iştirak edib.

Komitədən AFN-ə verilən məlumata görə, iştirakçılardan 5-i seçdiyi dövlət əmlakına sifarişi olduğu məkandan elektron formada verib. Özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri aiddir.

Kiçik dövlət müəssisələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakı 9 min 308 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Goranboy rayonu, Qazanbulaq qəsəbəsindəki qeyri-yaşayış binası da hərracda öz sahibini tapdı. İştirakçı sahəsi 109.5 kv.m olan dövlət obyektini 1750 manata özəlləşdirdi. Digər obyektlər kimi torpaq sahəsi ilə birlikdə özəlləşdirilən kiçik dövlət müəssisəsi Şabranda yerləşir. 110.8 kv.m sahəsi olan bu obyekt üçün 6 min manat təklif edən iştirakçı hərrac qalibi oldu.

Bu dəfə hərracda nəqliyyat vasitələri rəqabət yaratdı. Buraxılış tarixi 2001 olan Hyundai Choros markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 4 min manat təyin olunmuşdur. Hərracda 2 iştirakçı arasındakı rəqabət ilə avtomobilin son qiyməti 5 min 450 manata yüksəldi. UAZ markalı avtomobilin hərracı 3 sifarişçinin iştirakı ilə keçdi. 2 min 450 manat təklif edən iştirakçı tərəfindən nəqliyyat vasitəsi özəlləşdirildi. Keçirilən hərracların nəticələri ilə tanış olmaq istəyən şəxslər Özəlləşmə portalına (privatization.az) daxil ola bilər.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 25 iyun tarixində keçiriləcək. Hərraca 37 nəqliyyat vasitəsi çıxarılıb. İstehsal tarixləri 1996-2010 olan avtomobillər Mercedes, Renault, Fiat və digər markalara aiddir. Dövlət əmlakları üzrə seçim etmək və hərracda iştirak statusu qazanmaq üçün komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu