Lombardlara nəzarətin MBNP-yə verilməsi birmənalı qarşılanmır - ŞƏRH


Lombardlara nəzarətin MBNP-yə verilməsi birmənalı qarşılanmır -


Azərbaycanda lombardların fəaliyyətinə nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) verilir. AFN xəbər verir ki, bu, “Lombardlar haqqında” yeni qanun layihəsində əksini tapıb. Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan qanun layihəsində lombardlara müddətsiz lisenziya və icazə verilməsi təklif olunur. Sənədin 18-ci maddəsində (Lisenziya və icazə) qeyd edilib ki, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

Ekspertlər lombardların fəaliyyətində olan boşluqların aradan qaldırılması üçün qanunun qəbul edilməsini təqdir etsələr də, MBNP-yə bu səlahiyyətlərin verilməsinin düzgün olmadığı qənaətindədirlər. İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, lombardlarla bağlı tənzimləmələrə şərait çoxdan yaranıb: “Kifayət qədər fərqli şərtlər daxilində fəaliyyət göstərən lombardlar mövcuddur. Ümumi qaydaların qəbul olunmasına ehtiyac var idi. Amma nəzarət funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi təbii ki, birmənalı qarşılanmır. Çünki palatanın fəaliyyətinin bu günə qədər hansı formada olduğu və özünü doğruldub-doğrultmadığı ciddi sual altındadır. Mərkəzi Bankın funksiyalarının bir hissəsi palataya verildikdən sonra sanki ikili nəzarət funksiyası yaranıb. Mənim düşüncəmə görə, ümumiyyətlə palatanın özünün mövcudluğuna ehtiyac yox idi. Əslində bəzi qərarları çox ciddi problemlər yaratdı. Məsələn, elə valyutadəyişmə məntəqələrinin ləğvi ilə bağlı qərar, hansı ki, sonradan bu səhv qərar aradan qaldırıldı. Çünki o vaxt bu addım valyutadəyişmə sahəsində qara bazarın genişlənməsinə səbəb olmuşdu. Ona görə də mənə elə gəlir ki, lombardların fəaliyyəti əslində vergi orqanı tərəfindən tənzimlənməlidir. Lombardlar qanun çərçivəsində fəaliyyət göstərib pul qazanıb vergi ödəməlidirlər. Yəni dünyanın heç bir yerində xüsusi tənzimləmə mexanizminə ehtiyac duyulmur. Bir çox ölkələrdə lisenziyalaşma sistemi var, lombard kimi fəaliyyət göstərmək üçün bəlli şərtlərlə lisenziya alır fəaliyyətindən əldə edilən gəlirdən vergi ödəyirlər. Azərbaycanda da belə qaydaların yaranmasına ehtiyac var. Hamıya aydın şərtlər olmalıdır: kimlər lombard aça bilər və lombardlar nə işlə məşğul ola bilər. Bundan sonra lisenziya yaratmaq olar, 5, yaxud 10 illik. Yəni burada xüsusi bir ajiotaj yaratmağa, ayrıca nəzarət funksiyaları qoymağa ehtiyac yoxdur”.

N.Cəfərli də MBNP-nin lüzumsuz olduğunu düşünən ekspertlər sırasındadır. Mərkəzi Bankın eyni funksiyaları daha effektiv yerinə yetirdiyini deyən ekspertin fikrincə, palatanın funksiyalarının yenidən bu quruma qaytarılması, yaxud palatanın MB nəzdində bir departamentə çevrilməsi daha məntiqli olar: “Eyni sahəyə müxtəlif nəzarət orqanlarının olması paralellik yaradır. Bu isə idarəetmədə effektiv yanaşma deyil, sonradan fəsadların yaranmasına səbəb olur”.

Bank-maliyyə məsələləri üzrə ekspert Samir Əliyevin sözlərinə görə, bu gün lombardların fəaliyyətinə nəzarətin olması vacibdir: “Bizdə lombard fəaliyyəti qanunvericiliklə tənzimlənmir, istənilən şəxs bu işlə məşğul ola bilir. Qonşu Rusiya və Qazaxıstanda ayrıca qanun var bu haqda. Tənzimlənmə çox vacibdir, lombardların lisenziyalaşdırılması yaxşı haldır. Təbii ki, əgər lisenziya sistemi varsa, buna nəzarət edən qurum da olmalıdır. Bu funksiyanın məhz MBNP-yə verilməsinə gəldikdə, bu, əlbəttə belə olmalı idi, çünki palata bizim maliyyə sektorunda nəzarət funksiyalarını yerinə yetirən yeganə qurumdur. Yəni bu qurumun seçilməsi təbii baş verib. Palatanın bu prosesdə nə qədər uğurlu olacağı başqa mövzudur. Əsas odur ki, qanunun şərtləri optimal olsun, lombardların sui-istifadə hallarının qarşısını alsın, amma fəaliyyətlərini məhdudlaşdırmasın. Yəni qanunda bu nüansa diqqət yetirmək lazımdır. Ümid edirəm ki, qanun qəbul edildikdən və nəzarət olduqdan sonra problemlər aradan qalxacaq”.

HƏBİBƏ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu