Mikayıl Cabbarov: “2020-ci ildə qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir”


Mikayıl Cabbarov:


“Azərbaycanda ÜDM-nin 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı 3 il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir”.



İqtisadiyyat naziri Mikayıl Cabbarov bunu Milli Məclisdəki büdcə müzakirələri zamanı söyləyib. Nazir bildirib ki, Azərbaycan sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmalıdır: “2020-ci ildə neft-qaz sektorunda 1.6 faiz, növbəti illərdə orta hesabla 3 faiz artım proqnozlaşdırılır. İqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun 2020-ci ildə 3.8 faiz, növbəti illərdə isə orta hesabla 3.5 faiz artacağı proqnozlaşdırılır”.

M.Cabbarov qeyd edib ki, ixrac potensialının həyata keçirilməsində qeyri-neft sənayesi xüsusi əhəmiyyətə malikdir: “Cari ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 16.6 faiz artıb”.

İqtisadiyyat naziri bildirib ki, 2020-ci ildə neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir: “Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz, növbəti illərdə 7 faizdən çox artım proqnozlaşdırılır”.

M. Cabbarov qeyd edib ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb. Onun sözlərinə görə, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir: “Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu