Səudiyyə Ərəbistanı-Rusiya arasında neft müharibəsi: dünyanı və Azərbaycanı nə gözləyir...


Səudiyyə Ərəbistanı-Rusiya arasında neft müharibəsi:


Qlobal bazarlar uzun illərdir görünməyən bir neft krizisi ilə qarşı qarşıyadı. Koronavirusun iqtisadi artımı zəiflətməsi neftə tələbi azaldıb.
Səudiyyə Ərəbistanının Rusiyanı hasilatın azaldılmasına dair OPEK+ razılaşmasına qaytarmaq üçün hasilatı artırmaq qərarı neftin qiymətini 34 faiz ucuzlaşdırmaqla, 1991-ci ilin Körfəz Müharibəsindən bu yana neftin qiymətində ən böyük enişin qeydə alınmasına səbəb oldu. Bunun nəticəsində Şərqdən Qərbə doğru bütün dünya bazarında məzənnələr dalğalandı, bazarlar silkələndi. Səudiyyə Ərəbistanının aldığı bu qərar dünyaya, bölgəyə və Azərbaycana necə təsir edəcək? Bundan sonra nələr gözlənilir?



“Financial Times” qəzetində yayımlanan bir analizə görə, Səudiyyə Ərəbistanı koronavirusun neft qiymətlərinə mənfi təsirinin qarşısını almaq məqsədilə riskli addımlar atır. İqtisadiyyatı neftdən asılı olan “Körfəz Krallığı” neftin satış qiymətini aşağı çəkərək daha az xeyir qazanmasının müqabilində neft satışını artırmaq istəyir. Digər tərəfdən, Rusiya koronavirusun iqtisadi təsirlərini tam görmədən neftin qiymətini endirmək fikrindən uzaq durur, bununla belə, ABŞ-dakı şist neft istehsalçılarını bazardan sıxışdırıb çıxartmaqla dünyanın ən böyük neft ixracatçısı olan ABŞ-ı çətin vəziyyətdə qoymağı və nəticədə daha dayanıqlı və iqtisadi əsaslara söykənən qiymət (50-60 dollar arası) formalaşdırmağı planlaşdırır. Situasiyanın ən çox təsir edəcəyi ölkələrin isə BƏƏ, Qətər, ABŞ, Rusiya, İran kimi nəhəng neft istehsalçılarının olacağı proqnozlaşdırılır.
Neft bazarında baş verən hadisələrin nəticəsində ABŞ birjaları da enişə yenə enişlə qarşılıq verdi. WTI (West Texas Intermadiate) markalı yüngül neftin aprel fyuçerslərinin qiyməti bir barelə görə 21 faiz azalaraq 32,01 ABŞ dolları təşkil edib. ABŞ fond birjasında hərraclar mart ayının birinci hissəsində indekslərin azalması ilə başa çatıb. Amerikanın sənaye indeksi “Dow Jones” 1 245 bənd və ya 4,84 faiz azalaraq 24 535 bəndə düşüb. “S&P 500” indeksi 145 bənd və ya 4,90 faiz azalaraq 2970,522 bəndə, NASDAQ elektron birja indeksi 410 bənd və ya 4,82 faiz azalaraq 8093,25 bəndə düşüb. Birjalardakı kəskin enişlərin nəticəsində ABŞ-da bütün proseslər 15 dəqiqəliyinə dayandırılıb. Qeyri-sabitlik indeksi “The Cboe Volatility İndex” 2008 dekabrından bu yana ən yüksək səviyyəyə qalxıb.
Digər tərəfdən şist nefti hasilatıyla dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da neft sektorunun çətin vəziyyətə düşməsi gözlənilir. Ekspertlər ilin ilk rübündə ölkənin ümumdaxili məhsulunun (ÜDM) 0,15-0,35 faiz bəndi aralığında azalacağını və bu müddətdə bir sıra iflasların, kredit defoltlarının, işsizlikdə artımın və kreditləşmədə zəifləmənin baş verə biləcəyini deyirlər. Bu, ABŞ prezidenti Tramp üçün də əlavə problemlərin yaranması deməkdir. Belə ki, seçkilərdə Trampın “səs bazası” olan Texas və Şimali Dakota əyalətlərinin iqtisadiyyatının neftdən asılı olması bu bölgələrdə də iqtisadi vəziyyətin pisləşəcəyini və beləliklə də Trampın bu bölgələrdəki səsinin azalacağını proqnozlaşdırmağa imkan verir. Buna baxmayaraq, prezidentin hadisələri sevinclə qarşılamağı təəccüb doğurur.
Səudiyyə Ərəbistanının neft hasilatında əsas qüvvə olmaq məqsədilə atdığı addımlar Rusiyada da qalmaqallara səbəb olub. Rusiya Maliyyə Nazirliyi bu cür situasiyalara 6-10 il müddətində dözə biləcəklərini bildirib. Heç şübhəsiz, 2014-cü ildəki oxşar böhran Rusiyaya da dərs olub və ölkəni bu cür situasiyalara qarşı hazır olmağa vadar edib. Bundan əlavə, “Bloomberg”ə görə, Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” də Səudiyyə Ərəbistanının bu həmləsinə eyniliklə qarşılıq verməyi hədəfləyir. Belə ki, OPEC və Rusiya arasında əvvəlcədən imzalanan saziş aprelin 1-də başa çatacaq və bu da “Rosneft”in apreldən etibarən neft hasilatını artırmağına imkan yaradacaq. Qeyd edək ki, ekspertlər “Rosneft”in istehsalatı bir həftə ərzində 300 000 barel/gün artıra biləcəyini qeyd edirlər.

Səudiyyə Ərəbistanı-Rusiya arasında neft müharibəsi:


“Qara Bazar Ertəsi”nin təsirləri Avropa bazarlarından da yan keçmədi. Kapitallardakı enişlər Avropadakı bir sıra fond indekslərini də sarsıdıb. İndekslərdə 20 faizi keçən itkilər qeydə alınıb. İtaliyadakı FTSE MIB 27 faizlə ən çox sarsılan indeks olub. Enerji ixracatçılarından Norveçdə isə pul vahidi kron 1985-dən bəri dollara qarşı ən böyük dəyər itkisinə məruz qalıb.
Şərqdə isə Yaponiyanın pul vahidi yen ABŞ dollarına qarşı dəyər qazanmaqla 2016-dan bəri ən yüksək səviyyəyə yüksəlib, beləliklə investorların “sığınacağı” olub. Türkiyəyə gəldikdə isə neft-qaz bazarındakı qiymət azalması bu məhsulların idxalçısı olan ölkə üçün mövcud vəziyyət əlverişlidir. Neftin qiymətinin aşağı düşməsiylə benzində 1 türk lirəsi civarında endirim, ümumilikdə isə neft və qaz idxal fakturasında azalma gözlənilir.
Hasilatı artırıb, qiymətləri aşağı yuvarlamaq qərarından Səudiyyə Ərəbistanı da öz nəsibini alıb. Ölkənin milli neft istehsalçısı “Saudi Aramco” bazar dəyərini təxminən 10 faizini itirib.
Başqa maraqlı məqam isə odur ki, OPEK+ çərçivəsindəki razılaşma pozulmazdan əvvəl Beynəlxalq Enerji Agentliyi IEA koronavirusun qlobal müstəvidə yayılmağa davam edəcəyi və beləliklə ötən il dünya neft tələbatındakı artımın 80 faizini təşkil edən Çinin tələbatının il ərzində enəcəyi, nəticədə 2009-cu ildən bəri davamlı artan dünya neft tələbatının azalacağını və 2020-ci ildə 730 000 barel/gün səviyyəsinə enəcəyini proqnozlaşdırmışdı.
“CNN Business”in yaydığı analizə görə, nəqliyyat, sənaye və ticarət fəaliyyətlərindəki kəskin geriləmənin ilin ilk rübündə keçən illə müqayisədə qlobal neft tələbatını gündəlik 2.5 milyon barelə düşürəcəyini və bunun 1.8 milyon barelinin Çinin hesabına baş verəcəyini qeyd etmişdi.
Bəs nəhəng neft isehsalçıları arasında baş verən qiymət müharibəsinin fonunda iqtisadiyyatı neftdən xeyli dərəcədə asılı olan Azərbaycanı nələr gözləyir? 2015-ci ildə bənzər bir situasiyanın manatın başına gətirdiyi “müsibətdən” sonra ölkəmiz indiki vəziyyətə nə dərəcədə hazırdır? Dövlət, ölkəni potensial böhrandan qorumaq və bu böhranın neqativ təsirlərini minimuma endirmək üçün hansı addımları atıb və atmalıdır?
“Worldometers”in 2016-cı ildə yayımladığı məlumata əsasən neft istehsalında dünyada 24-cü yerdə dayanan ölkəmiz, şübhəsiz, neftin qiymətinin kəskin ucuzlaşmasından mənfi təsirlənəcək ölkələr arasındadır. Ekspertlərin fikrincə, bu mənfi təsirin dozası ucuz qiymətlərin nə qədər davam edəcəyindən asılıdır. Uzun müddətdə ölkə maddi dəyər itkisiylə qarşılaşa və banklar iqtisadi çətinliyə düşə bilər. İqtisadçı alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu qeyd edib ki, ölkənin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar götürüldüyünə görə, ilkin mərhələdə dövlət büdcəsinin və Dövlət Neft Fondunun (DNF) mədaxilində çətinliklər yaranacaq. Neftin ucuzlaşması qaz ixracatına da təsir etdiyindən burdan gələn gəlirlərdə də azalma baş verəcək. Onun sözlərinə görə, uzunmüdətli dövrdə neft qiymətlərindəki azalma davam edərsə, manatın əvvəlki kimi olmasa da, yumşaq devalvasiyası qaçınılmazdır.
Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədovun fikrincə, iqtisadiyyatı “qara qızıldan” asılı olan ölkələrin iqtisadiyyatı üçün ümumdünya böhranı artıq başlamış hesab olunur. O bildirir ki, manatın kursunu dəyişməyə, devalvasiya edilməsinə ehtiyyac yoxdur, əksinə, manatın dəyəri qorunmalı və daha da gücləndirilməlidir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban amerikaninsesi.org-a açıqlamasında deyib ki, ölkə iqtisadiyyatının 90 faizini təşkil edən neft bazarındakı panikaya baxmayaraq, Neft Fondundakı valyuta ehtiyyatları yaxın iki ildə dövlət büdcəsinin formalaşdırılması üçün bəs edəcək.
Ekspertlər onu da qeyd edirlər ki, malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyyatına baxmayaraq, Mərkəzi Bank və Maliyyə Sabitliyi Şurası tezliklə toplaşıb yaranmış vəziyyətlə bağlı həll planlarını özündə əks etdirən bəyanat verməlidir. Bundan əlavə, hökumətin və parlamentin toplanması və müzakirələrə başlaması lazımdır. Ayrıca, anti-böhran Şurasının yaradılması, ölkənin daxilindən və xarici ölkələrdən tanınmış iqtisadçılardan, proqnozistlərdən, proqramistlərdən, məsləhətçilərdən ibarət güclü bir işçi qrupunun formalaşdırılması da görülməli olan işlərdən biri hesab olunur.

Ayxan Abbaslı, Praqa, “Charles” Universiteti.
İqtisadiyyat və Maliyyə fakültəsi, III kurs tələbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu