Azərbaycan krizisi iqtisadiyyat üçün daha az itkilərlə keçə bilər- RƏY


Azərbaycan krizisi iqtisadiyyat üçün daha az itkilərlə keçə bilər-


"Azərbaycan beynəlxalq maliyyə bazarlarında yaranmış vəziyyətlə bağlı Rusiya və Qazaxıstan iqtisadiyyatını diqqətlə izləməlidir. Təcrübə onu göstərir ki, ilk iqtisadi zərbə onlara dəyir, onlarda devalvasiya baş verir və sonra biz məcburi olaraq bu addımı atırıq. Bizdə Mərkəzi Bank valyuta məzənnəsini saxladığı üçün öz-özünə devalvasiya ola bilməz".
[b][/b]

Bu sözləri "Report"a açıqlamasında dünya bazarlarında neftin qiymətinin ucuzlaşması və dolların bahalaşması ilə bağlı baş verən prosesləri şərh edən iqtisadçı ekspert Zaur Qardaşov deyib.

Ekspert qeyd edib ki, Rusiya və Qazaxıstanda devalvasiya olarsa, bizdə də hökumət devalvasiya ilə bağlı düşünülmüş qərar verə bilər:

"Rusiyada valyuta dünən günün əvvəlinə 63 rubldan 76-78 rubla qədər qalxdı, sonra günün sonuna bir qədər stabilləşdi. Bu gün stabilləşmə davam edərsə, bizdən də təhlükə qeyri-müəyyən müddətə uzaqlaşa bilər. Rusiyada vəziyyətin necə olduğu, valyutalarını stabil saxlaya bilib-bilmədikləri bu gün bilinəcək. Dünənki tarixə onlarda valyuta satışı dayanmışdı. Ümumiyyətlə, məsələnin iki məğzi var. Bunlardan biri klassik iqtisadi problemdir. Belə ki, ABŞ-la Çin arasında ticarət müharibəsi uzunmüddətli effekt yaratdı, krizisə gətirib çıxartdı, daha sonra koronavirus problemi Çin iqtisadiyyatına zərbə vurdu və sonra da Avropaya və ABŞ-a keçdi.


Böhranın ilk simptonları artıq ötən həftə ABŞ-ın fond bazarlarında özünü biruzə verdi. Dünən neftin qiyməti br qədər yuxarı qalxsa da, vəziyyət eyni olaraq qalır. Məsələnin məğzi ondadır ki, tam kritik məqam nə iqtisadi amillərlə bağlıdır, nə də koronavirusla. Əslində koronavirus və iqtisadi amillər nefti 45-50 ABŞ dolları dəhlizində saxlaya bilər. Əsas problem ondadır ki, Rusiya ilə Səudiyyə Ərəbistanı OPEC+ razılaşmasını pozdular. Əvvəlki razılaşmanın limitini saxlamaq üzrə, yeni 1,5 milyon barellik azalma razılaşmasına Rusiya qoşulmaq istəmədi. Bunun səbəbləri müxtəlif ola bilər. Ortada Qazaxıstan və Rusiyanın bu addımı atması ilə bağlı açıq-aydın səbəblər yoxdur. Bu dövlətlərin rəsmiləri bildirir ki, bizim iqtisadiyyatımız hətta 25-30 ABŞ dollarlıq qiymətlərə də hazırdır və uzun müddət biz bu qiymətləri saxlaya bilərik. Amma faktiki olaraq bilirik ki, bu gün qiymətlər Rusiya iqtisadiyyatı üçün ölümcül ola bilər. Ona görə də güman edirəm ki, yaxın 1 həftə və ya 10 gün müddətində Rusiya və Səudiyyə Ərəbistanı yenidən danışıqlar masasına geri qayıdacaq və OPEC razılaşması ilə bağlı yeni razılaşmalar əldə edəcəklər.

Belə olduğu halda, neft ən azı özünün Azərbaycan iqtisadiyyatı üçün də birbaşa zərbə ola biləcək o kritik 30-40 ABŞ dolları dəhlizindən 45-50 ABŞ dolları dəhlizinə geri qayıdacaq. Danışıqlar bərpa olunmazsa və Rusiya ilə Səudiyyə bu naməlum mübarizələrini davam etdirərlərsə, Azərbaycanda əhali və biznes tərəfindən böyük valyuta pressinqi yaranacaq və dövlət bu tələbi təmin etmək məcburiyyətində qalacaq. Yəni insanlarda bank depozitlərini və manatla olan valyutalarını dollara çevirmək istəyi yaranacaq. Bu da qısa müddət ərzində təqribən 20-25 milyard ABŞ dolların bazara buraxılması ehtiyacı yaradacaq".


Onun fikrincə, neftin qiymətinin 30-40 ABŞ dolları dəhlizində bir neçə ay qalması ölkələrin valyuta ehtiyatlarına ciddi zərbə olacaq: "Eyni zamanda ən böyük istehsalçıları çıxmaq şərtilə 24-25-ə yaxın neft ölkəsi ciddi ziyan görəcək. Ona görə də həmin ölkələrin iqtisadiyyatlarında müəyyən proseslər baş verəcək ki, təbii ki, bu, istənilən halda Azərbaycandan da yan keçə bilməz. Dövlət, ilk növbədə, sahibkarların və dollar kreditləri olanların marağını nəzərə almalıdır ki, valyuta bazarına onların çıxışları təmin olunsun. Burda sınaqdan çıxmış müxtəlif mexanizmlər var. 2015-ci ildə baş verən devalvasiya dövründən sonra dövlətdə krizis menecmenti və maliyyə krizisi sahəsində idarəetmə sistemi kifayət qədər təkmilləşib.

İxracatçılara valyutanı daha baha satmağa, idxalatçılara daha ucuz almağa birbaşa imkan verən sınaqdan keçmiş alətlər var. Bundan əlavə Maliyyə Nazirliyi və Mərkəzi Bank bazara dollara alternativ olan kağızlar təqdim edə bilər. Bunlar dolları bu günkü məzənnə ilə hifz edən alətlərdir ki, vətəndaşlar manatla olan depozitlərinin və sahibikarlar idxal etdikləri məhsulun realizasiyasından əldə etdikləri vəsaitin dəyərsizləşməyəcəyindən əmin olsunlar. Bu cür alətlər tez bir zamanda bazara təqdim olunsa və bu barədə əhaliyə və sahibkarlara məlumat verilsə, bu qısa müddətli krizisi iqtisadiyyat üçün daha az itkilərlə keçmək olar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu